“Bavariya”nın düşərgəsində ciddi zədə problemi yaranıb. Matc.az xəbər verir ki, Münhen təmsilçisinin üç futbolçusu Dortmund “Borussiya”sı ilə Bundesliqanın mərkəzi qarşılaşmasında zədələnərək oyunu davam etdirə bilməyib.

Söhbət Maykl Olise, İsmail Saibari və Serj Qnabri adlı futbolçulardan gedir.

Əvvəlcə Saibari Dortmundun qapıçısı Qreqor Kobellə toqquşmadan sonra yerə yıxılıb. Sağ ayağından zədə alan yarımmüdafiəçi meydanı tibbi heyətin köməyi ilə tərk edib.

Cəmi iki dəqiqə sonra Qnabri də zədə səbəbindən əvəzlənib. Görüşün sonlarına yaxın isə Olise oyunu davam etdirə bilməyəcəyini bildirərək əvəzlənməsini istəyib.

Münhen klubunun problemləri bununla da bitmir. Komandanın baş məşqçisi Vinsent Kompani də infeksiya səbəbindən xəstəxanada müalicə aldıqdan sonra hələ tam fəaliyyətə qayıtmayıb. Bundan əlavə, Manuel Noyer və Luis Dias da zədə problemləri yaşayırlar.

Qeyd edək ki, “Bavariya” – Dortmund “Borussiya”sı qarşılaşması 2:2 hesabı ilə başa çatıb. Münhen təmsilçisini qarşıda Çempionlar Liqasında “Atletiko” ilə vacib oyun gözləyir. Beləliklə, komanda Madrid səfərinə ciddi kadr problemləri ilə yollana bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest