Qana millisinin sabiq baş məşqçisi Otto Addo ölkəsinin Futbol Assosiasiyasını FİFA-ya şikayət edib. Matc.az xəbər verir ki, mütəxəssis müqaviləsinə vaxtından əvvəl xitam verildikdən sonra ona ödənilməyən əməkhaqqı və digər ödənişləri tələb edir.
AfricaSoccer-in məlumatına görə, Addo təxminən 15 aylıq maaşını, bonusları və müqavilədə nəzərdə tutulan digər ödənişləri ala bilmədiyini iddia edir. Tələb olunan məbləğin 750 min ABŞ dollarını keçdiyi bildirilir.
Qeyd edək ki, Qana Futbol Assosiasiyası 2026-cı il martın 31-də Avstriya və Almaniya millilərinə məğlubiyyətlərdən sonra 50 yaşlı mütəxəssislə yollarını ayırıb.
Addo 2024-cü ilin martından Qana millisinə rəhbərlik edirdi. Onun FİFA-ya müraciətindən sonra tərəflər arasındakı maliyyə mübahisəsinin qurumun müvafiq mexanizmləri çərçivəsində araşdırılması gözlənilir.
Qana Futbol Assosiasiyası məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.













