Niderlandın “NAC Breda” klubunda qeyri-adi transfer qalmaqalı ilə bağlı araşdırma başa çatıb. Matc.az xəbər verir ki, sabiq “Seltik” hücumçusu Pyer van Hoydonkun oğlunun transferində maraqlar toqquşması iddiası ilə bağlı aparılan daxili araşdırma onun təqsirsiz olduğu qənaətinə gəlib.

Məsələ Pyerin oğlu Sidninin yanvar ayında Portuqaliyanın “Estrela Amadora” klubuna keçidi zamanı yaranıb. Həmin vaxt “NAC Breda”nın aparıcı hücumçusu olan futbolçu qarşı tərəfə transfer haqqı ödənilmədən yollanıb.

İddialara görə, Portuqaliya klubu daha əvvəl 500 min avro və növbəti satışdan 10 faiz pay təklif etsə də, bu təklif qəbul edilməyib. Sonradan transferin ödənişsiz reallaşması azarkeşlərin narazılığına səbəb olub.

Həmin dövrdə klubda texniki məsləhətçi vəzifəsində çalışan Pyer van Hoydonkun oğlunun maraqlarını klubun mənafeyindən üstün tutduğu iddia edilib.

Araşdırma nəticəsində onun qaydaları pozmadığı bildirilib. Bununla belə, klub gələcəkdə bu cür maraqlar toqquşmasının qarşısını almaq üçün yeni qaydalar tətbiq edəcəyini açıqlayıb.

Qeyd edək ki, Sidni van Hoydonk Portuqaliyada keçirdiyi 12 oyunda cəmi bir qol vurub. O, hazırda “PEC Zwolle” klubunda icarə əsasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest