“Real Madrid”in müdafiəçisi Eder Militao oğurluq hadisəsinin qurbanı olub. Matc.az xəbər verir ki, hadisə braziliyalı futbolçunun Madridin La Moraleja yaşayış massivində yerləşən evində baş verib.
İspaniyanın “El Mundo” nəşrinin məlumatına görə, ən azı iki naməlum şəxs “Real Madrid”in “Barselona” ilə “El Klasiko” qarşılaşması keçirdiyi zaman futbolçunun evinə daxil olub. Onlar üçüncü mərtəbədəki pəncərədən mənzilə girərək qiymətli əşyaları götürüblər.
Maraqlıdır ki, hadisə zamanı Militaonun ailə üzvləri də evdə olub. Onlar qarşılaşmanı televiziyadan izlədikləri üçün oğurluqdan xəbər tutmayıblar.
Oğruların 53 min avro dəyərində “Rolex”, təxminən 170 min avro qiymətində “Richard Mille” saatı, “Chanel” çantaları, “Cartier” zinət əşyaları və digər qiymətli əşyaları apardıqları bildirilir. Ümumilikdə zərərin 350 min avrodan çox olduğu ehtimal edilir.
Qeyd edək ki, Militao həmin vaxt “Barselona” ilə oyunda iştirak etməyib. Qarşılaşma “Real Madrid”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.






_1793540562.jpg)






