“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 10-cu turunda “Qəbələ” ilə qolsuz heç-heçə etdikləri matçı (0:0) şərh edib. Matc.az xəbər verir ki, mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, komandasının qələbə qazanmaq istədiyini, lakin buna nail ola bilmədiklərini bildirib:

“Qalib gəlmək istəyirdik, amma alınmadı. Qarşımızda yaxşı, qələbəyə çox istəkli və əks-hücumlarda sürətli oynayan kollektiv var idi. Çempionat göstərir ki, hər oyuna maksimum səviyyədə hazırlaşmalıyıq. Pozitiv düşünərək qarşıdakı matçlara hazırlaşacağıq”.

Qurbanov ilk hissənin sonunda Mateus Silva ilə Marko Yankoviç arasında yaşanan mübahisəyə də münasibət bildirib. Baş məşqçi hər iki futbolçunun cəzalandırılacağını deyib:

“Futbol emosional oyundur. Belə halları dünya futbolunda tez-tez görürük. Onlar komanda yoldaşı və dostdurlar. Hadisəni tam araşdırmamışam. Ola bilər ki, oyunda onları əsəbiləşdirən hansısa məqam olub. Amma yüz faiz cəzalandırılacaqlar. Bu cür hallar komandanın nəticəsinə təsir edir”.

Mütəxəssis Yankoviçin fasilədə əvəzlənməsinin məhz mübahisə ilə əlaqəli olduğunu təsdiqləyib.

Qurbanov hücum xəttindəki problemlərdən də danışıb. O, komandasının daha yaxşı oynamalı və qol imkanları yaratmalı olduğunu vurğulayıb:

“Daha yaxşı oynamalı, topa daha çox sahib olmalı və qol imkanları yaratmalıyıq. Bunun üzərində işləyirik. Potensialımız və gücümüz var”.

Baş məşqçi heyətin yenilənməsi prosesində müəyyən çətinliklərlə üzləşdiklərini etiraf edib. Onun sözlərinə görə, bəzi futbolçuların zədələnməsi və avrokuboklarda mübarizənin dayandırılması komandaya təsirsiz ötüşməyib.

“Bəlkə də, tam istədiyimiz xüsusiyyətlərə malik futbolçuları heyətə cəlb edə bilmədik. Bəzən oyun sistemini futbolçuların xüsusiyyətlərinə uyğun qurmağa çalışırıq. Amma düşünürəm ki, çatışmazlıqları aradan qaldıracağıq. Oyunçularımızın potensialı var. Avrokuboklarda mübarizəni dayandırmağımız bizə psixoloji baxımdan təsir etdi. Bəzi futbolçuların zədələnməsi də rotasiya imkanlarımızı azaltdı”.

Qurbanov azarkeşlərə də müraciət edərək ruhdan düşməməyə çağırıb. O, “Qarabağ”ın yaxşı heyətə malik olduğunu və qarşıdakı oyunlarda daha yaxşı nəticələr göstərəcəyinə inandığını söyləyib.

“Transferlərdə səhv etdiyimizi düşünmürəm. Sadəcə, komandanı istədiyimiz dinamik oyuna çatdırmaq üçün bir qədər vaxt lazımdır. Azarkeşlərimiz ruhdan düşməsinlər. Yaxşı komandamız var. İnanıram ki, bizi qarşıda yaxşı oyunlar gözləyir. Heyəti genişləndirmək istiqamətində işlərimizi davam etdiririk”.

Qurbanov sonda adının “Fənərbaxça” ilə hallanmasına da qısa münasibət bildirib:

“Fənərbaxça”ya uğurlar arzulayıram.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest