"Avropa çempionatında ən yüksək səviyyədə iştirak etməyə çalışacağıq".
21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alan FIFA referisi Elçin Məsiyev bununla bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, AFFA-nın saytına açıqlamasında çox sevindiyini qeyd edib.
“Çox sevincliyik, olduqca vacib təyinatdı. Bu, A millilərin Avropa çempionatından sonra UEFA-nın milli səviyyəsində ən böyük ikinci turniridi. Bildiyiniz kimi, ötən ilin dekabrında I kateqoriyaya yüksəldim. Bu səbəbdən qısa müddətdə belə mötəbər yarışa təyinat alacağımı gözləmirdim. Bu, bizə güvəndiklərini göstərir. Bu amil ikiqat sevindiricidi. Avropa çempionatında ən yüksək səviyyədə iştirak etməyə çalışacağıq. Hədəfimiz uğurlu idarəçilik etmək və final matçına təyinat almaqdı”, - deyə o bildirib.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə təşkil olunacaq.