24 Aprel 2025, 10:50
FUTBOL
“Bu gün buradayam, futboldan uzaq düşməmək və meydanda daha çox olmaq üçün çalışıram. Xüsusi bir hazırlığım və motivasiyam yox idi. Amma ”Qarabağ”a hər zaman dərin hörmət bəsləmişəm. Orada dünyaya gəlmişəm, orada böyümüş və futbola da orada başlamışam. Onlara münasibətim daim eyni qalıb, bu, oyunun nəticəsinə görə dəyişmir. “Qarabağ”ı xüsusi rəqib kimi görmürəm. Hər şey qaydasındadır. Matça adi qaydada hazırlaşmışdım. Xüsusi bir şey yox idi”. Matc.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Qara Qarayev deyib.
O, dünən kubokun yarımfinalında keçmiş komandasına 0:3 hesabı ilə məğlub olmalarına baxmayaraq, ləyaqətli oyun nümayiş etdirdiklərini bildirib: “Yalnız müdafiəyə qapanmırdıq, eyni zamanda hücumlar quraraq real epizodlar da yaratdıq. Sadəcə olaraq, bu imkanlardan istifadə edə bilmədik. “Qarabağ”a qarşı oynamaq həmişə çətin olur. Məncə, hər iki qarşılaşmada əzmlə mübarizə apardıq. Bəlkə də fürsətləri dəyərləndirsəydik, nəticə fərqli olardı. Nə olursa olsun, ”Qarabağ”ın kubok oyunları baxımından bizdən daha çox təcrübəsi var”.
O, penalti ilə bağlı vəziyyətə də toxunub: “İki mübahisəli epizod yaşandı. İlk hissədə Karlos Jatoba topa müdaxilə etdi, arxadan isə Bəhlul Mustafazadənin təması oldu. Mənə görə penalti idi. Belə vəziyyətlərdə tam dəqiq qərar vermək çətindir. Hakimə yaxınlaşırsan, deyir ki, kontakt zəif olub, topa birinci o toxunub. Mən də buna görə konkret fikir bildirməkdə çətinlik çəkirəm”.
Təcrübəli yarımmüdafiəçi Premyer Liqada qarşıdakı 5 oyunda mübarizəni dayandırmayacaqlarını vurğulayıb: “Yanvardan sonra heyətimizdə ciddi çatışmazlıqlar oldu. Zədəli oyunçularımız vardı, mən də bir ay meydandan uzaq qaldım. Bəziləri qayıtsa da, əvvəlki formasını bərpa etmək asan deyil. Buna baxmayaraq, sona qədər savaşacağımızı düşünürəm. Komandamız daha yaxşı yerlərə layiqdir. Avropa Liqası və ya Konfrans Liqasına vəsiqə qazanmaq klub üçün önəmli addım olacaq. Azarkeşlərimizə və futbol camiəsinə göstərəcəyik ki, uğurlar üçün potensialımız var. Bu səbəbdən Konfrans Liqası bizim üçün çox böyük əhəmiyyət daşıyır. Qarşıda oyunlarımız var və mübarizədən əl çəkməyəcəyik. Təslim olmamışıq, olmaq da istəmirik”.
Qara qarşıdakı matçlara mümkün qədər ideal şəkildə hazır olmağın vacibliyini dilə gətirib: “Bəzən 100 faiz formada olmaq da əlavə gərginliyə səbəb ola bilər. Əsas məqsədimiz oyunlara mümkün qədər balanslı və optimal şəkildə hazır çıxmaqdır. Kubok səbəbilə hər 4-5 gündən bir oyun keçirdik, bu da bizi yordu. Amma bu gün pis təsir bağışlamadıq. Əgər bu ritmi saxlaya bilsək, daha yaxşı nəticələr mümkündür”. futbolinfo.az