Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının reqlamentinə mümkün dəyişikliklərlə bağlı klublarla məşvərət aparır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Bild" paylaşıb.

Bildirilir ki, yarışın pley-off mərhələsində əlavə vaxtın ləğvi variantı nəzərdən keçirilir. İki oyunun ümumi hesabının heç-heçə olması şərti ilə matçın əsas vaxtı bitdikdən dərhal sonra penaltilər seriyasının keçirilməsi təklif olunur. Bu, futbolçuların yükünü azaltmağa kömək edəcək.

Həmçinin, eyni ölkəni təmsil edən klublar Çempionlar Liqasının 1/4 final mərhələsinə qədər ayrıla bilər. İlkin mərhələdə eyni ölkənin komandalarının iştirak etdiyi matçların azarkeşlər və yayımçılar arasında maraq yaratmadığı vurğulanır.

Bundan əlavə, turnirin ümumi mərhələsinin ilk səkkizliyindən birbaşa 1/8 finala yüksələn klubların pley-offun bütün mərhələlərinin cavab oyunlarını evdə daha aşağı nəticə göstərən komandalarla keçirəcəyi qaydanı tətbiq etmək olar.

Qeyd edək ki, mövcud reqlamentə dəyişikliklə bağlı qərar mayın 30-da, UEFA-nın Münhendə keçiriləcək Assambleyasında verilə bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest