"Yola çıxmışıq və yarımçıq qoymaq istəmirəm. Burda tək mən deyiləm. Böyük risklər alırıq. Ancaq inanıram".
Misli Premyer Liqasının XXXVI turunun "Şamaxı" – "Qarabağ" oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.
Matc.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– "Qarabağ"ı təbrik edirəm onlara Çempionlar Liqasında uğurlar. Azarkeşlərimiz təşəkkür edirəm. Məğlubiyyətlər olsa da, bizi dəstəklədilər. Məqsəd Premyer Liqada qalmaq idi və öhdəsindən gəldik. Bu il çox şey qazandıq. Klub olaraq Premyer Liqada möhkəmləndik, gənclər qazandıq. Davam etməliyik. Pillə-pillə inkişaf istəyiriksə, belə mübarizələr vacibdir.
– Bilirik. Bizdən başqa sponsoru olmayan komanda yoxdur. Ötən il ən az büdcə bizdə idi. Böyük büdcəsi olan klublar da çətinlik olacağını deyir. Görün indi bizimçün necə olacaq. Rəhbərliklə böyük fikir mübadiləsi aparırıq. Yola çıxmışıq və yarımçıq qoymaq istəmirəm. Burda tək mən deyiləm. Böyük risklər alırıq. Ancaq inanıram. Bir yol çəkmişik və bununla getməliyik. Rəhbərlik də fədakarlıq etməyə çalışır. Gələn mövsüm burdayıq. İşlərə başlamışıq. Daha dinamik, perspektivli oyunçular istəyirik. Seleksiyaya başlamışıq.
– U-21-in heyəti açıqlandı. 16 yaşlı Amin Rzayevə də dəvət göndərdiz. Onun haqda fikirləriniz nədir?
– Geniş siyahıdır. Təəssüf ki, 4-5 futbolçu var idi, çağıra bilmədim. Onları da görmək istəyirəm. Həmin mövqedə oyunçular çox olduğu üçün çətinlik çəkirəm. Bacarıqlı uşaqları çalışacağı ki, U-21-ə tez qoşaq və qısa zamanda da əsas yığmaya düşsün. Ötən toplanışda da 2007 təvəllüdlü uşaqlar var idi. Bu dəfə də 2009 oldu. Bu, digər gənclərə də ismarıcdır. Onlar da izlənilir. 30 nəfərlik heyətdir və hər kəsin oynamaq şansı var. Mayın 30-da əsas yığma ilə oyunumuz olacaq.
– Bu mövsüm Edqar ən potensiallı uşaqlardan oldu. Onun əsas yığmaya çağırılmaması nə ilə bağlıdır?
– Qərarı millinin baş məşqçisi verir. Onunla söhbətlərimiz olur. Gənclər də onun nəzarətindədir. Milliyə gedib oynamamaq da bir şey deyil. Edqarın U-19 millisinə çağırılmasının üstündən 2-3 il keçib. Oyunçu beynəlxalq matçlarda oynasa, daha çox inkişaf edər. Edqar da Santuşun nəzarətindədir.
– Yığmaya çağırmadığımız oyunçular arasında "Mingəçevir"dən Nahid Əliyev var idi?
– Bəli.
– Bu gün heyətdə az legioneri olması nə ilə bağlıdır?
– Andrey, Rikardo, Alfons, Vladislav bizimlədir. Digərləri ilə yolları ayırmışıq. Leroy Mikels də getmək istədi. Bu gün iki legioner və gənclər yaxşı mübarizə apardı. Gələn mövsüm üçün indilik 4 legionerimiz var.
– Kamran İsmayılov bildirib ki, büdcə azalmasından öncə Ayxan Abbasovla razılaşmışdıq. Bunu əvvəldən bilsəydiz, fərqli qərar olardı?
– Bu gün şükürlər olsun, maliyyə problemi yaşanmır. Yəni, maaşlar, mükafatlar vaxtında olur. Ümid edirəm ki, sponsor gələr. Hara gedirəm, sponsor gəlir. Amma sonra mən gedirəm (gülür). Təki sponsor gəlsin, gedə bilərəm.
– Gənclər üçün müraciət etdiyiniz klublardan razılıq cavabı gəlir?
– "Qəbələ"dən Emil Süleymanovu icarəyə götürdük. Bu mövsüm bizimlə olan Rauf Rüstəmli müqavilə ilə məxsus olduğu "Sabah"a qayıdacaq. Burda həm biz, həm onlar qazandı. Cəlal Hüseynov da buea gələndə yaxşı formada deyildi, ancaq indi əsas yığmaya çağırıldı. 12-13 futbolçu üçün müraciət etmişik, yalnız "Qəbələ"dən müsbət cavab almışıq.
– Növbəti mövsümdə legioner limiti ləğv olunacaq. Yığmanın heyətini qurmaq üçün sizə nə dərəcə çətinlik ola bilər?
– Gənclərə şans verəcəyik. Bu gün "Sumqayıt"a təşəkkür edirəm. Milliyə çağırdığım oyunçuları əsas heyətdə oynadılar. Gənclər arasında rəqabət olacaq. Uşaqları izləyir, məlumatlar alırıq. İnanıram ki, yeni mövsümdə də uşaqlar olacaq. Azından bizdə 5-6-sı oynayacaq.