"Səfər matçını artıq arxada qoyduq. Qrup mərhələsinə yüksəlməyə bir addım qalıb. Noyabrın 5-də komandaya bir günlük istirahət veriləcək, 6-dan isə məşqləri bərpa edəcəyik"

Qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında Bolqarıstanın “Maritsa” klubunu məğlub etməklə qrup mərhələsinə yüksəlmək şansını yaxşılaşdırıb. Matc.az xəbər verir ki, bunu Azərbaycan çempionunun baş məşqçisi Ziya Rəcəbov deyib.

Mütəxəssis II təsnifat mərhələsində Xorvatiyanın “Mladost” klubu ilə oyundan sonra Bakıya qayıtmamaq qərarının doğru olduğunu vurğulayıb:

“Xorvatiyadakı görüşdə saat fərqi, uzun yol və iki dəfə reys dəyişməyimiz yorğunluğa səbəb olmuşdu. Noyabrın 5-də evdə oynamalı idik, lakin Bakıya qayıdıb dərhal yenidən Avropaya yollanmaq əvəzinə, orada qalmağı məqsədəuyğun saydıq. Rəqib də səfərdən gəldiyi üçün ilk matçın Bolqarıstanda keçirilməsi təklifini qəbul etdik. Onlar bizə məşq prosesi və digər məsələlərlə bağlı şərait yaratdılar. Avropada qalmağımız bərpa olunmağa və yaxşı hazırlaşmağa böyük kömək etdi”.

O, heyətdəki itkilər və rəqibin gücü barədə də danışıb:

“Maritsa” gənc və ucaboy voleybolçulardan ibarət yaxşı komandadır. Bizdə Marta Drpa Xorvatiya təmsilçisi ilə son oyunda zədələnmişdi, Vilma Salas isə viza problemi səbəbindən komandaya qoşula bilməmişdi. Buna baxmayaraq, xarakter nümayiş etdirən voleybolçularımızı təbrik edirəm. “Mladost”la matçdan dərhal sonra Bolqarıstan klubunu təhlil etmişdik və oyunçularımız tapşırıqları tam yerinə yetirdilər”.

Z. Rəcəbov cavab oyunu öncəsi planlarını da bölüşüb:

“Səfər matçını artıq arxada qoyduq. Qrup mərhələsinə yüksəlməyə bir addım qalıb. Noyabrın 5-də komandaya bir günlük istirahət veriləcək, 6-dan isə məşqləri bərpa edəcəyik. Noyabrın 10-da Tovuzda, doğma azarkeşlərin önündə də uğurlu nəticə qazanmağa çalışacağıq”.

Xatırladaq ki, “Turan” noyabrın 3-də Bolqarıstanda keçirilən ilk görüşdə “Maritsa”nı 3:0 (25:22, 25:22, 25:20) hesabı ilə məğlub edib. Komandalar arasında cavab oyunu noyabrın 10-da Tovuzda keçiriləcək (report).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest