03 Noyabr 2026, 17:19
FUTBOL
“Fənərbaxça”nın müvəqqəti baş məşqçisi Dirk Kuyt UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda “Liverpul”la keçiriləcək qarşılaşma öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, niderlandlı mütəxəssis sabiq komandasına qarşı baş tutacaq görüşün həm onun, həm də İstanbul təmsilçisi üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
Kuyt 18 ildən sonra Çempionlar Liqasında iştirak etməyin “Fənərbaxça” üçün mühüm hadisə olduğunu vurğulayıb.
“Püşkatmadan sonra çox həyəcanlanmışdım. Mənim üçün çox vacib olacaq, lakin hazırda əsas məsələ klubdur. “Liverpul” möhtəşəm komandadır, amma “Fənərbaxça” da elədir. Azarkeşlərimiz stadionda olacaq və onların nə qədər güclü olduğunu hər kəs görəcək”, – deyə çalışdırıcı bildirib.
Mütəxəssis komandanın qarşılaşma üçün yaxşı oyun planı hazırladığını və futbolçuların həmin plana inanmasının vacibliyini diqqətə çatdırıb.
“Çox yaxşı planımız var və ona inanmalıyıq. Bunu ehtiras və enerji ilə meydanda göstərə bilsək, rəqib üçün nə qədər çətin komanda olduğumuzu sübut edəcəyik. Avropa bizim azarkeşlərimizin nə qədər möhtəşəm olduğunu görəcək”, – deyə Kuyt əlavə edib.













