04 Noyabr 2026, 13:39
FUTBOL
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının IV turunda “Bavariya”ya 0:2 hesablı məğlubiyyətdən sonra qarşılaşmanı dəyərləndirib. Matc.az xəbər verir ki, argentinalı mütəxəssis komandasının ilk qola qədər rəqibə layiqli müqavimət göstərdiyini bildirib.
“İlk qola qədər yaxşı mübarizə apardıq, müdafiədə düzgün oynadıq və qarşılaşma bərabər səviyyədə gedirdi. Lakin qol buraxdıqdan sonra oyunun gedişatına təsir göstərə bilmədik. Hesabı bərabərləşdirmək üçün ciddi imkanlar yarada bilmədik, ikinci qol isə vəziyyətimizi daha da çətinləşdirdi” - deyə, Simeone bildirib.
Baş məşqçi məğlubiyyətdə fərdi səhvlərin roluna da toxunub: “Futbol həm fərdi ustalıq, həm də səhvlər üzərində qurulub. Hər oyunda səhvlər olur və bundan daha yaxşı istifadə edən komanda üstünlük qazanır. Bu dəfə səhvlər bizə baha başa gəldi”.
O, “Bavariya” və “Liverpul” kimi güclü rəqiblərlə mübarizə aparmaq üçün komandasının daha da inkişaf etməli olduğunu söyləyib: “Belə rəqiblərə qarşı oynayanda məğlubiyyətlə üzləşə bilərik. Onlarla bərabər səviyyədə mübarizə aparmaq üçün mövsümün sonuna qədər çox çalışmalıyıq. Çünki 100 faiz gücümüz kifayət etmir, 120 faizlə oynamalıyıq”.
Qeyd edək ki, “Atletiko” doğma meydanda “Bavariya”ya 0:2 hesabı ilə uduzub.













