İspaniyada futbolçular Xesus de Migelin faciəli ölümündən sonra “Segunda Division”un növbəti turunda meydana çıxmaqdan imtina edirlər. Matc.az İspaniya mediasına istinadən xəbər verir ki, komandaların oyunçuları qarşıdan gələn turda  iştirak etmək istəmədiklərini bildiriblər.

Hadisə ikinci divizionun 12-ci turu çərçivəsində keçirilən oyun zamanı baş verib.

“Tenerife”nin hücumçusu Xesus de Migel “FC Andorra”nın qapıçısı Xesus Ovono ilə toqquşma nəticəsində ağır xəsarət alıb. Bu xəsarət ürəyin dayanmasına səbəb olub. Tibb işçilərinin bütün səylərinə baxmayaraq, 30 yaşlı futbolçunu xilas etmək mümkün olmayıb.

İspaniya Futbolçular Assosiasiyası (AFE) oyunçuların mövqeyini öyrənmək üçün bütün səviyyələrdə məsləhətləşmələr aparıb. Futbolçular yekdilliklə bu turda nəzərdə tutulan oyunların keçirilməməsi qənaətinə gəliblər. Onlar itkidən dərin kədər keçirdiklərini və yaranan emosional vəziyyətin adi qaydada mübarizə aparmağa imkan vermədiyini bildiriblər.

Oyunçular AFE-yə bugünkü qarşılaşmaların təxirə salınmasının ən düzgün addım olduğunu çatdırıblar. AFE  qeyd edib ki, insanlar istənilən rəqabətdən, idman və maliyyə maraqlarından daha vacibdir. Assosiasiya bildirib ki, bəzi anlarda insanlıq, hörmət və həmrəylik hər cür rəqabətdən üstün tutulmalıdır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest