06 Noyabr 2026, 12:00
FUTBOL
Lionel Messinin geyindiyi 10 nömrəli forma Argentina millisinin qarşıdakı oyunlarında heç bir futbolçuya verilməyəcək. Baş məşqçi Lionel Skaloni bu qərarı əfsanəvi hücumçuya hörmət əlaməti olaraq qəbul edib.
Matc.az saytının “TyC Sports” nəşrinə istinadən məlumatına görə, noyabr ayındakı təlim-məşq toplanışında və sonrakı yoldaşlıq görüşlərində Argentina millisinin heç bir üzvü 10 nömrəli formanı geyinməyəcək.
Beləliklə, uzun illər Messinin simvoluna çevrilmiş nömrə müvəqqəti olaraq istifadədən kənarda qalacaq. Daha əvvəl Argentina Futbol Assosiasiyası (AFA) bu formanı birdəfəlik dövriyyədən çıxarmaq təşəbbüsü ilə çıxış etsə də, beynəlxalq futbol qaydaları buna imkan verməyib.
Hazırda MLS-in “İnter Mayami” klubunda çıxış edən Messi Argentina millisindəki son oyununu 7 oktyabr 2026-cı ildə keçirib. Benin yığmasına qarşı baş tutan və Buenos-Ayresdə təşkil olunan görüş Argentina millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Lionel Messi Argentina millisinin heyətində dünya çempionu, Amerika Kubokunun qalibi olub və uzun illər komandanın kapitanı kimi çıxış edib.













