06 Noyabr 2026, 16:32
FUTBOL
Azərbaycan millisinin kapitanı Emin Mahmudov yığmadakı karyerasını başa vurmaq qərarına gəlib. Matc.az xəbər verir ki, “Neftçi”nin 34 yaşlı yarımmüdafiəçisi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Mahmudov milli formada keçirdiyi illərin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycan millisinin heyətində ilk dəfə meydana çıxdığı günü heç vaxt unutmayacağını bildirib:
“Bu gün qəlbimdə həm qürur, həm də kövrəkliklə sizinlə vacib bir qərarımı bölüşmək istəyirəm. Azərbaycan milli komandasındakı karyeramı başa vururam. Milli formanı ilk dəfə geyindiyim günü heç vaxt unutmayacağam. O formanı geyinib ölkəmi təmsil etmək, bu komandanın kapitanı olmaq həyatımın ən gözəl illərindən biri idi”.
Təcrübəli futbolçu yığmada keçirdiyi müddətdə çoxsaylı unudulmaz anlar yaşadığını, dəyərli dostluqlar qazandığını və xüsusi duyğular hiss etdiyini qeyd edib. O, komanda yoldaşlarına, məşqçilərə və hər zaman ona inanan insanlara, xüsusilə də azarkeşlərə təşəkkürünü bildirib:
“Bu yolda yanımda olan komanda yoldaşlarıma, məşqçilərimə və mənə inanan hər kəsə ürəkdən təşəkkür edirəm. Ən böyük təşəkkür isə hər zaman dəstəklərini hiss etdiyim azarkeşlərimizədir. Sevincimizi də, çətin anlarımızı da birlikdə yaşadıq. Milli forma ilə keçirdiyim illərə qürurla və minnətdarlıqla baxıram. Hər şey üçün təşəkkür edirəm”.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqasında Lixtenşteynlə, noyabrın 16-da isə Andorra ilə yoldaşlıq oyununda qarşılaşacaq. Andorra ilə görüş Emin Mahmudov üçün Azərbaycan millisində sonuncu olacaq.













