"Qalatasaray"ın yarımmüdafiəçisi İlkay Gündoğan Fransanın "Monpelye" klubunun ortaq sahibi ola bilər.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Romen Molina məlumat yayıb.
Təcrübəli futbolçu "Arsenal"ın keçmiş oyunçusu Denni Karbassion və adı açıqlanmayan digər bir şəxsin də daxil olduğu GSS investisiya fondunun səhmdarlarından biridir. Məhz bu fond hazırda "Monpelye" klubunu tamamilə əldə etməyi planlaşdırır.
İddialara görə, GSS bu sövdələşmə üçün klub rəhbərliyinə 10 milyon avro ödəyəcək, həmçinin komandanın 2026/27 mövsümü üçün proqnozlaşdırılan 18-20 milyon avroluq büdcə kəsirini qapatmağı öhdəsinə götürəcək.
Qeyd edək ki, "Monpelye" 1974-cü ildə təsis edildiyi vaxtdan bəri Nikolin ailəsinə məxsusdur və onlar komandanı 2012-ci ildə sensasiyalı şəkildə Liqa 1-in çempionluğuna daşımışdılar. Lakin maliyyə və idman böhranı yaşayan klub 2025-ci ildə Fransanın elit divizionundan aşağı düşüb və geridə qalan 2025/26 mövsümündə Liqa 2-də 8-ci yeri tutub.
Yeni anlaşmaya əsasən Nikolin ailəsi klubun məşq meydançasını öz mülkiyyətində saxlayacaq və onu kluba icarəyə verəcək. İlkay Gündoğan və tərəfdaşlarının isə klubun strateji inkişafı ilə deyil, daha çox gənc oyunçuların transfer satışından qazanc əldə etməklə maraqlandıqları bildirilir.













