AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla qarşılaşacaq Uels yığmasında baş məşqçi Rayan Giqqz heyəti açıqlamağa hazırlaşır. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, 46 yaşlı mütəxəssis daha bir gənc oyunçuya dəvət göndərmək niyyətindədi.

Belə ki, Giqqz "Liverpul"un müdafiəçisi Neko Uilyamsa yığmada debüt etmək şəraiti yaratmaq istəyir. 18 yaşlı sağ cinah müdafiəçisinin İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Arsenal"la matçdakı (5:5) performansı millinin çalışdırıcısının diqqətini çəkib.

Gənclərlə çalışmağı sevən - Reqan Pul, Ethan Ampadu, Mettyu Smit, Daniel Ceyms, Rabbi Matondo kimi oyunçuları son toplanışa çağıran Rayan Giqqz bu siyahıya Uilyamsı da əlavə etmək niyyətindədi. "Arsenal"la görüşü əvəz edilmədən keçirən və komandasının son qolunun assistini edən U-19 yığmasının üzvünün seçmə mərhələnin son matçlarına dəvət olunması istisna edilmir.

Qeyd edək ki, noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest