Beşqat dünya çempionu Rafael Ağayevin  müsahibəsi

- Tokio-2020-də qızıl medal üçün nə çatmadı?

- Elə qızıl medalın özü... Hər şey göz önündə oldu. İdman xırdalıqlarına qalsa, çox şey çatmadı. Elə bir məqamda adamın haqqına girirlər ki, təkcə finalla bağlı yox, ümumiyyətlə idmanla əlaqədar danışmaqdan iyrənirsən, çəkinirsən.

- Niyə, səbəbi nədir?

- çünki gəlirsən, deyirlər ki, elə bu nəticə də qızıla bərabərdir. Haqqına girdilər, oldu da... Həmişə deyirəm ki, pərdənin arxasında görünməyən nüanslar var. Hər kəs bizim nə əziyyətlər çəkdiyimizi görmür. Biz hansı əziyyətlərdən keçib çəkimizi salırıq. Həyatda hamı əziyyət çəkir. Kimsə nəyəsə nail olmaq üçün müxtəlif əziyyətlərə qatlaşır. Hər bir kəs – kasıbı, varlısı, dəlisi, ağıllısı – ayaqda durmaq üçün hamı əziyyət çəkməli olur. Bir məsəl çəkmək istəyirəm. Bəlkə də bu barədə danışmaqla mətləbdən uzaqlaşacağam, amma deyəcəyəm. Hamı yığışıb deyir ki, gəlin, problemlərimizi ortaya qoyaq, görək kimin nə kimi problemi var, kimin problemi hardadır. Hərə bir-bir öz problemini danışır. Bir neçə dəqiqə keçir. Bir az sonra hərə öz problemini götürüb kənara çəkilir. Hər bir insanın problemi özünə böyük görsənir. Elə bir məqamda haqqıma girdilər ki, sanki ürəyimdən vurdular. Final görüşündə birinci xalı mənə versəydilər, hər şey başqa cür olardı. Əslində, beş hakimdən dördü xal açmışdı, amma orta hakim düzgün qərar vermədi. Baxmayaraq ki, müsəlmandır. Bilirsən, hansısa turnir olsaydı, Avropa, dünya çempionatı olsaydı, bu qədər təsir etməzdi. Doğrudur, adamı yandırardı, incidərdi. çünki həmişə haqqa girmək, medalının əlindən alınması çox pis bir şeydir. Amma Tokio Yay Olimpiya Oyunları mənim karyeramda sonuncu olimpiadam idi. Mən cavan olsam belə, karate olimpiya oyunlarından çıxarıldı və yerinə "break-dance" salındı. Yenə deyirəm, çatışmayan şeylər çox idi. Əgər bir xalımı versəydilər, final döyüşünün sonrası tamam başqa cür ola bilərdi.

- Qarşı tərəfdəki idmançını asan, yoxsa çətin rəqib adlandırardınız?

- Rəqib də asan rəqib deyildi. Elə mən də rəqiblərim üçün "hədiyyə rəqib" deyiləm. Hamı mənimlə vuruşmağa çəkinir. Elə Luici Busa ilə hər zaman hesablar minimal olub - 3-2, 1-0... Cəmi bir dəfə mən onu 7-1 hesabı ilə udmuşam. Bütün bunlara baxmayaraq, olimpiadanın finalında gümüş medal qazandım. Yenə də Allaha şükürlər edirəm. Bilirsiniz necədir, bir tərəfdən qızıl medal qazanmağı çox istəyirsən, amma digər tərəfdən heç gümüşü də, bürüncü də əldə etmək qismət olmazdı. Allaha şükürlər olsun ki, sağ-salamat getdik və ailəmizin, uşağımızın, dostlarımızın, qohumlarımızın yanına sağ-salamat qayıtdıq. Bunun özü bir gözəllikdir və adama həzz verir.

- Paris olimpiadasında karate olmayacaq. Ondan sonrakı olimpiadaya karate salınarsa, qatılmaq haqqında düşünürsünüzmü? Amma yaş da ötür...

- Yaşla bağlı heç bir problem yoxdur. Allah can sağlığı versin, çalışmaq, əziyyət çəkmək bizə qalır. Mən də idmanda çalışmaqdan, əziyyət çəkməkdən həzz alıram. Hara gedirsənsə get, bu əziyyətin dadı hər zaman gözəldir. Nə üçün döyüşdüyünü, vuruşduğunu da başa düşürsən. Nəyə görə - Vətən üçün, Azərbaycan üçün... Vətən üçün ölməyə də hazırıq. Yəni bu sözləri elə-belə demirik ki, böyük insanlardan, tanınmış adamlardan kimsə mənə baxsın və qiymət versin, xeyr. Görünən odur ki, 80% karate bundan sonrakı olimpiya oyunlarında olmayacaq. Hər an hər şey ola bilər. Əgər karate yenidən olimpiya oyunlarına salınsa, inşallah həmin olimpiadaya qatılaram və çalışaram ki, budəfəki gümüş medalı qızıl medalla əvəzləyim.

- Olimpiadanın finalından sonra rəqibiniz Luici Busa ilə bağlı bir sıra fikirlər səsləndirdiniz. Dediniz ki, bundan sonra o, mənim düşmənimdir və onu da qeyd etdiniz ki, yarışdan əvvəl onunla dialoqunuz olub. Hamı üçün maraqlıdır, ikilikdə nə danışmışdınız?

- Nə danışdığımız elə hamı üçün həmişə maraqlı qalsın. çünki nə danışdığımızı açıqlamağın mənası yoxdur. Hər şey arxada qalıb. Doğrudur, yarımfinalda mən onunla tam gücümlə vuruşmamışdım. Hamı dedi ki, final görüşündən sonra Rafael onunla görüşmədi. Görüşməməyimin səbəbi odur ki, ona vurduğum zərbə elə də möhkəm dəyməmişdi. Amma özünü elə aparırdı ki, hakimi də inandırmağa çalışırdı. Necə deyim, qızıl medalımı apardı... İdmanda belə bir qayda var, nəyi bacarırsansa bacar, amma qızıl medalı əldən vermə. Əslində, həmin gün mənim günüm idi. İdmançılar arasında belə bir ifadə var, gün kimindirsə, uğur da onundur. Həqiqətən də o gün mənim günüm idi. Baxmayaraq ki, çox çətinliklərdən keçmişdim. Dayımı, anamı itirmişdim. üstəlik, orucluq ayına düşdüyündən oruc tuta-tuta gündə iki dəfə məşq edirdim. Həmçinin yanvar ayında koronavirusa yoluxmuşdum. Daha sonra yarışa iki ay yarım qalmış ayağımdan əməliyyat olunmuşdum. Bütün bunlara baxmayaraq, yaxşı toparlanmışdım və düşünürəm ki, həmin gün mənim günüm idi. Sadəcə olaraq, özümdə çatışmayan bəzi nüanslardan və haqqıma girdiklərinə görə qızıl yox, gümüş medal mənim oldu. Şükürlər olsun ki, həyatımı uduzmadım, bu, idmandır. İki güclüdən biri qalib olmalıdır. Güclü də olsan, insan olmaq lazımdır.

- Yenidən Busa ilə qarşılaşsanız, onunla döyüşü hansı ampluada keçirəcəksiniz?

- Onun 34, mənim 36 yaşım var. Mən demişəm ki, turnirlərdə onunla üz-üzə gəlsəm, tam fərqli şəkildə vuruşacağam. Bu sözü demişəm və sözümün də ağasıyam. Udub-uduzmağa baxmayacağam, tatamidə, çərçivələr qaydasında - küçə davası ilə yox, mən onu döyməyə çalışacağam.

- Necə döyəcəksiniz ki?

- Udub-uduzmağı bir qırağa qoyuram. Şükürlər olsun Allaha, karyeramda hər bir medal var, yetərincədir. çox adam deyir ki, siz ondan revanş alacaqsınız. Mən ondan revanş almayacağam, çünki heç revanş almaq da istəmirəm. Ona görə ki, bizim aramızdakı döyüşlərdəki qələbə sayı 11:6 mənim xeyrimədir. Mən 5 dəfə, o, 2 dəfə dünya çempionudur. Sadəcə olaraq onu deyim ki, revanş qələbə sayları bərabər olanda mümkündür. Ona görə də bundan sonra görüşsək, həmin döyüşü revanş saymayacağam. Bu vaxta qədər ona hörmət edirdim, indi ona hörmətim yoxdur. Doğrudan da Busa idmançı kimi güclüdür. Dünya və Avropa çempionatlarında bundan sonra o məni, mən də onu udmağa çalışacağam. İnşallah, əlimdən nə gəlirsə edəcəyəm. Amma mən bəzi idmançılar kimi əvvəlcədən demirəm ki, 100% udacağam. çalışacağam, çalışacağam ki, hər şey yaxşı olsun. Publika.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest