Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 2021/22 mövsümünün final oyunu keçirilib. Matc.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin "Liverpul" və İspaniyanın "Real" komandaları üz-üzə gəliblər.

Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda baş tutan həlledici matçı yerli FIFA referisi Kleman Türpen idarə edib.

İki kollektiv indiyədək 8 dəfə qitənin ən nüfuzlu klub turnirində bir-birinə rəqib olmuşdu. Bunların 4-də "kral klubu", 3-də mersisaydlılar qələbə qazanmışdısa, bir görüşdə qalib müəyyənləşməmişdi. Qolların nisbətində də Madrid təmsilçisinin üstünlüyü vardı – 10:8.

Bu, "Real" və "Liverpul"un çempionlar Liqasının finalında 3-cü dueli idi. Əvvəlki 2 qarşılamadə tərəflər hərəyə bir dəfə titula sahib çıxmışdılar. 1980/81 mövsümündə İngiltərə təmsilçisi, 2017/18 mövsümündə isə İspaniya klubu turnirin qalibi olmuşdu.

Bunadək 13 dəfə çL-i qazanan Karlo Ançelottinin rəhbərlik etdiyi kollektiv turnirin ən titullu klubu idi. Yurgen Kloppun baş məşqçi olduğu komanda isə 6 dəfə çempionlar Liqasının finalında qələbə sevinci yaşamışdı.

Bu qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlamalı idi. Lakin azarkeşlərin Parisdə yaratdığı sıxlıq səbəbindən "Liverpul" arenaya nəzərdə tutulandan gec gəlib. Bu üzdən "Stade de Frans"dakı oyuna 37 dəqiqə gec start verilib. Matçın taleyini isə bir qol həll edib. "Real" minimal hesabla qalib gələrək çL-də növbəti zəfərini yaşayıb.

UEFA çempionlar Liqası
Final
28 may

Liverpul – Real 0:1
Qol: V.Junior, 59.
Baş hakimi: Kleman Türpen (Fransa).
Paris, "Stad de Frans" stadionu.

Liverpul: Alisson, Aleksander-Arnold, Konate, Vircil van Deyk, Robertson, Fabinyo, Henderson, Alkantara, Dias, Salah, Mane.
Ehtiyat oyunçular: Kelleher, Milner, Keyta, Firmino, Qomes, Oksleyd-çemberlen, Cons, Minamino, Jota, Tsimikas, Matip, Elliott.
Real: Kurtua, Karvaxal, Militao, Alaba, Mendi, Kazemiro, Kroos, Modriç, Valverde, Vinisius, Benzema.
Ehtiyat oyunçular: Lunin, Naço, Hazard, Asensio, Marselo, Vaskes, Beyl, Sebalyos, Rodriqo, İsko, Dias, Kamavinqa.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest