Azərbaycan Premyer Liqasının XVI turu bir neçə məqamla yadda qaldı. Bəzi matçda nəticə, bəzisində anormal hadisə, bəzisində də hakim qərarı ön plana çıxdı.

Təqvim üzrə sıralama ilə yanaşsaq, turun açılış oyunu olan "Sabah" - "Qəbələ" görüşü ilə başlamaq lazım gəlir. Eyni xala malik komandaların duelində qonaqlar qələbəni daha çox arzuladılar və istəklərinə də çatdılar. "Sabah" isə ev sahibi olmasına baxmayaraq, ilk dəqiqədən meydana 1 xal üçün çıxmışdı. Ancaq bakılıların planını komandanı indiyə qədər bura qədər daşıyan Marko Deviç pozdu. Əvvəlcə "Qəbələ"nin qolunda müstəsna "xidmət göstərən" ukraynalı forvardın digər addımı, ümumiyyətlə, başadüşülən olmadı. Azərbaycan futboluna görə, böyük karyerası olan 36 yaşlı Deviç iki dəfə həvəskar hərəkətlə baş hakimi aldatmağa çalışdı. Hətta hər iki simulyasiya zamanı özünü o qədər uşaq kimi yerə atdı ki, Premyer Liqada yeni-yeni təcrübə toplayan Səbuhi Bayramov da bunu "tutmaqda" çətinlik çəkmədi. Qolçuluğu ilə yanaşı, intizamsızlığı ilə də tez-tez diqqət mərkəzinə düşən Deviç bu hərəkəti ilə "Sabah"ın məğlubiyyətinin "memarı" oldu.

Həmin günün digər matçının nəticəsi gözlənilməz olmadı. Hər halda "Qarabağ"ın "Sumqayıt"a qalib gəlməsi adi haldı. "Kimyaçılar"ın məğlubiyyətə baxmayaraq, güclü rəqiblə "döyüşməsi" təqdirəlayiq haldı. Bu qarşılaşmada baş verən bir hadisə oyunu və nəticəni kölgədə qoydu. Normalda qol zamanı top toru silkələyir. Ancaq "Qarabağ"ın ilk qolu zamanı top təkcə bununla kifayətlənmədi, eyni zamanda toru da yarıb keçdi. Bu da baş hakim Orxan Məmmədovu çaş-baş saldı. Bir dəqiqə ərzində gah qapıdan zərbə, gah da mərkəzi göstərən referiyə bunda köməkçilərindən çox "Sumqayıt"ın müdafiəçisi Rail Məlikov yardım etdi. Millimizin sabiq müdafiəçisinin feyr-pleyə layiq etirafının Məmmədovun düzgün qərar verməsinə təsiri çox oldu. Əslində, Ozobiçin ikinci hissədə də bir epizodda zərbəsindən sonra top toru cırdı. Sadəcə, bu dəfə yandan zərbə zamanı top kənardan qapıya daxil oldu və qapıçı dərhal onu götürərək oyunu başlatdı. Bu səbəbdən, bəlkə də, bunu çox adam diqqətdən qaçırdı. Burda sual yaranır: eyni oyunda hər iki qapı torunda problem yaranırsa, matçdan əvvəl yan xətt hakimləri qapını necə yoxlayıblar? Bu anormal olay Azərbaycan futbolunun dünya mediasında növbəti dəfə biabırçı şəkildə təqdiminə səbəb oldu.

Bazar gününün ilk oyununda da "Neftçi" gözlənildiyi kimi, "Keşlə" önündə büdrəmədi. "Ağ-qaralar"ın rahat qələbəsi iddialılarla digərləri arasındakı fərqi bir daha gün üzünə çıxardı. Bu qarşılaşmada isə şəxsən mənim üçün ən müəmmalı hadisə ikinci qol zamanı penaltinin təkrarlanması oldu. 67-ci dəqiqədə Emin Mahmudov qazanılan penaltini qolla tamamladı. Ancaq baş hakim İnqilab Məmmədov zərbəni yenidən təkrarlatdı və "Keşlə"nin müdafiəçisi Tərlan Quliyevə sarı vərəqə göstərdi. Referinin məhz qol buraxan komnadanın oyunçusunu cəzalandırması diqqətçəkən oldu. çünki qaydalara görə, zərbə qol olursa, rəqib oyunçusunun cərimə meydanına tez daxil olması qərarı dəyişmir. Əgər "Neftçi"nin futbolçuları qaydanı pozmuşdusa, o zaman niyə cəzalanan "Keşlə"li oldu? Epizodun təkrarından da görünür ki, Emin Mahmudov topa toxunarkən "Keşlə"nin 6, "Neftçi"nin isə 2 üzvü artıq cərimə meydanında idi və qonaqların oyunçuları daha öndə yer almışdı. Bəlkə də, Tərlan başqa səbəbdən cəzalandırıldı. Ancaq qərara etiraz olsaydı, protokolda da bu cür yazılardı. Hər halda qərar anında İnqilab Məmmədovun nə düşündüyü mənim üçün çox maraqlıdı.

"Səbail" - "Zirə" oyununda futbol ədalətsiz üzünü göstərdi. Hücum futbolu oynayan, qol epizodları yaradan meydan sahibləri, qalib gələn isə qonaqlar oldu. Passivində bir sarı vərəqəsi ola-ola 81-ci dəqiqədə heç nədən ikinciyə can atan Elvin Yunuszadəni isə paltardəyişmə otağına göndərməyə heç kimin gücü çatmadı. Hətta polislər də onunla bacara bilmirdilər. Yalnız komandası ikinci qolu buraxandan sonra Elvin "rahat" şəkildə qadağan olunmuş ərazini tərk etdi. ümumiyyətlə, həm "Neftçi", həm "Qarabağ", həm də "Sabah"da olarkən müxtəlif səpkili intizamsızlıqları oyunundan çox danışılan Yunuszadənin vərdişindən əl çəkməsi, görünür qeyri-mümkündü.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest