İspaniyanın "Real" klubu UEFA çempionlar Liqasının finalında "Liverpul"a qarşı keçirdiyi oyundan öncə Fransanın paytaxtı Parisdə baş verənlərlə bağlı bəyanat yayıb. Matc.az xəbər verir ki, Madrid təmsilçisi həm finalın bu şəhərə verilməsinə, həm də baş verənlərə görə UEFA-dan izahat tələb edib:
 
"Mayın 28-də "Stad de Frans" yaxınlığında və girişlərində, o cümlədən stadionun daxilində baş verən xoşagəlməz hadisələri nəzərə alaraq, "Real" klubu bu hadisələrdən zərər çəkən azarkeşlərimizin müdafiəsi üçün aşağıdakıları bildirmək istəyir:
 
Biz bilmək istəyirik ki, finalın keçiriləcəyi yerin təyin edilməsi zamanı hansı meyarlar əsas götürülüb. Həmin vaxt final günü baş verənlər nəzərə alınıbmı? Eyni şəkildə, azarkeşlərin yardımsız qalmasına kimin cavabdeh olduğunu müəyyən edəcək cavablar və izahatlar istəyirik.
 
Başa düşürük ki, matçda iştirak edən bütün azarkeşlər üçün böyük futbol bayramı olmalı olan şey, bütün dünyada dərin hiddətə səbəb olan kədərli hadisəyə çevrildi. Mediadakı fotolardan da aydın olduğu kimi, bir çox fanatlar vəhşi hücumlara, təqiblərə və quldurluğa məruz qalıb. Hətta bəziləri aldığı xəsarətdən xəstəxanada gecələməli olub.
 
Azarkeşlərimiz cavab almağa layiqdirlər. Belə hallar futboldan və idmandan həmişəlik silinsin".
 
Xatırladaq ki, UEFA çempionlar Liqasının finalı daha öncə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməli idi. Lakin bu ölkənin futboluna tətbiq edilmiş sanksiyalar üzündən həlledici matç Parisdə baş tutub.
 
"Stad de Frans" stadionunda keçirilən oyun ingilis klubunun azarkeşləri ilə polis arasında toqquşma və "Liverpul"un arenaya gec gəlməsi səbəbindən 37 dəqiqə gec başlayıb. Polis stadiona girməyə cəhd edən fanatlara qarşı gözyaşardıcı qazdan, toqquşmalar zamanı isə dəyənəklərdən yararlanıb.
 
Final qarşılaşmasında "Real" "Liverpul"u 1:0 hesabı ilə məğlub edərək tarixində 14-cü dəfə çL-in qalibi olub.
 
UEFA matçdan dərhal sonra çempionlar Liqasının finalında baş verənlərlə bağlı müstəqil araşdırma elan edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest