Sabah Topaz Premyer Liqasında XVII tura start veriləcək. Matc.az saytı xəbər verir ki, açılış oyununda "Keşlə" ilə "Sumqayıt" üz-üzə gələcək.

Etiraf edək ki, 15:00-da start götürəcək qarşılaşmaya maraq digər 3 oyunla müqayisədə azdı. Bu da səbəbsiz deyil. çünki hər iki komanda turnir cədvəlinin son sıralarında qərarlaşır və axırıncı yeri tutmamaq uğrunda mübarizə aparır.

"Sumqayıt"ın qış fasiləsindən sonra ilk turlardakı təqviminin daha ağır olduğunu qeyd etmək lazımdı. "Kimyaçılar" əvvəlcə səfərdə "Qəbələ"yə son dəqiqələrdə buraxılan qolla məğlub oldu. ötən turda isə Ayxan Abbasovun yetirmələri "Qarabağ"a layiqli müqavimət göstərsə də, rəqibini büdrətməyi bacarmadı. Nəticələr ürəkaçan olmasa da, sərgilənən oyunu "Sumqayıt" azarkeşləri üçün ümidverici saymaq olar.

"Keşlə"də isə vəziyyət fərqlidi. Premyer Liqanın autsayderini Tərlan Əhmədov da toparlamaqda çətinlik çəkir. İkinci yarının ilk iki turunda həm "Səbail", həm də "Neftçi" keçmiş "bankirlər"i asanlıqla məğlubiyyətə uğratdı. Heyətdəki futbolçular istənilən səviyyədə olmadığından, komanda meydanda baş məşqçinin tələblərinə heç cür cavab verə bilmir.

Hər iki komanda meydana ciddi itki ilə çıxacaq. Bakılılarda qış fasiləsində "Zirə"dən alınan Vüsal İsgəndərlinin yoxluğu məşqçilər korpusunu narahat etməyə bilməz. çünki geridə qalan iki turda komandanın ən fəal oyunçusu məhz İsgəndərli idi. Lakin hücumameyilli oyunçu ötən həftə 4-cü sarı vərəqəni aldığı üçün cəzalı duruma düşüb. Əvəzində yeni transfer Luis Anxelo Pena artıq debüt etməyə hazırdı.

Həmçinin "Sumqayıt"da da heyətlə bağlı narahatlıq doğuran məqam var. Komandanın orta sahəsinin dirəyi sayılan Əli Babayevsiz "gənclik şəhəri" təmsilçisi üçün çox çətin olacaq. çünki o, Ayxan Abbasovun oyun sistemində çox önəmli yer tutur. Bundan başqa, "Qarabağ"la qarşılaşmada zədələnən Peyman Babayinin də durumu qeyri-müəyyəndi.

Mövsümün ikinci yarısında qola və xala həsrət qalan rəqiblərin duelində hər iki komanda 2019-cu ilin "siftəsi" üçün mübarizə aparacaq. Tərlan Əhmədovun yetirmələri ən azı bir neçə saatlıq son pilləni tərk etmək imkanından yararlanmaq niyyətindisə, Ayxan Abbasovun kollektivi təhlükəli zonadan uzaqlaşmaq üçün qalib gəlməlidi. Təbii ki, ev sahibi olmaq "Keşlə"yə müəyyən üstünlük qazandırır. Lakin göstərilən oyuna əsasən "Sumqayıt"ın səfərdən 3 xalla dönməsi belə, sürpriz olmaz.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest