Sabah Topaz Premyer Liqasında XVII turun daha iki oyunu keçiriləcək. Matc.az saytının məlumatına görə, ilk olaraq 15:00-da "Səbail"lə "Sabah" üz-üzə gələcək.

Komandaların turnir cədvəlində yaxın olmaları görüşə marağı daha da artırır. üstəlik, paytaxt təmsilçilərinin hər ikisi, demək olar ki, eyni durumdadı. Qış fasiləsindən sonrakı ilk turda səfər qələbəsinə sevinən "Səbail"lə "Sabah" ötən tur öz meydanlarında məğlub olublar. Bürünc medala iddia edən tərəflərin bu yarışdakı digər rəqibi "Qəbələ"nin bu tur "Qarabağ"la oynaması onları daha da ümidləndirir. Hər halda bölgə təmsilçisi büdrəyəcəyi təqdirdə, "Səbail"in qələbəsi yenidən uzaqlaşmağa, "Sabah"ın qalibiyyəti isə hər iki rəqibinə yaxınlaşmağa xidmət edəcək.

Qonaq komanda sabah meydana ciddi itki ilə çıxacaq. Debütantın qol "silahı" Marko Deviç hücumdakı yerini tuta bilməyəcək. ötən oyunda qırmızı vərəqə alan ukraynalı forvardın yoxluğunda Elşad Əhmədov qolçu problemi yaşayacaq. çünki çalışdırıcının ixtiyarındakı digər hücumçular əvəzedici heyətin üzvləridi. Bu üzdən Əhmədovun oyun sistemində müəyyən dəyişikliklərə əl atması istisna deyil. Deviçin yoxluğunun fonunda cinah oyunçuları Məqsəd İsayev və Təmkin Xəlilzadənin cəzasını tamamlayıb sıraya dönməsi sevindirici xəbərdi.

"Səbail"də isə Elvin Yunuszadə sabiq komandasına qarşı meydana çıxa bilməyəcək. Mövsümün ilk yarısını "Sabah"da keçirən Yunuszadə keçən görüşdəki "qırmızı" ucbatından revanş istəyini sonraya saxlamalı olacaq. Aftandil Hacıyev həmkarından fərqli, hücum xəttindəki oyunçu sayından məmnun görünməlidi. Yeni transferlər Oke Akpoveta və İmanol İriberri də sifariş olunub və sabah debüt edə bilərlər. Heyətdəki ön xətt oyunçuları Ruslan Qurbanov, Ağabala Ramazanov və Kevin Kubemba da pis durumda deyillər.

Oyunun qalibinin bürünc medal ümidi bir qədər də artacaq. Bu qarşılaşmada qeydə alınacaq bərabərlik isə "Qəbələ"nin işinə yaraya bilər. Həm "Səbail", həm də "Sabah"ın ikinci yarıda oyun baxımından enişdə olması və ötən turda evdə məğlubiyyəti baş məşqçilərin üzərində müəyyən psixoloji basqı yaradıb. Bir neçə ardıcıl uğursuz nəticə həm Aftandil Hacıyev, həm də Elşad Əhmədovun mövsümün sonunu görməməsinə gətirib çıxara bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest