Topaz Premyer Liqasında XVII tura "Qarabağ" - "Qəbələ" oyunu ilə yekun vurulacaq. Matc.az saytı xəbər verir ki, bu, şübhəsiz turun mərkəzi görüşüdü.

Uzun illərdən sonra çempionluq yolunda önünə "dişli" rəqib çıxan "Qarabağ" lider "Neftçi"dən 3 xal geridə olduğundan, ağdamlıların büdrəməyə haqqı yoxdu. XV turda "flaqman"la bərabərlik Qurban Qurbanovun kollektivinin işini bu baxımdan çətinə salıb.

Ancaq rəqib də sıradan bir komanda deyil. ötən illərdə "Qarabağ"ın əsas rəqibi olan "Qəbələ" cari mövsümə qeyri-stabil start götürsə də, qış fasiləsindən sonra oyununu tapmağa başlayıb. Keçən iki turda "Sumqayıt" və "Sabah" üzərində qalibiyyət Sənan Qurbanovun komandasının turnir cədvəlindəki mövqeyini də yaxşılaşdırıb. Hazırda 4-cü sırada yer alan "Qəbələ"ni 3-cü pillədəki "Səbail"dən cəmi 1 xal ayırır. Sabahkı matçda mümkün qələbə "qırmızı-qaralar"la "Qarabağ" arasındakı fərqi 8 xala endirəcək. Lakin hesab edirik ki, bölgə təmsilçisi özünə əsas hədəf kimi, bürünc medalı götürməlidi. çünki ilk iki pillədəki komandalara çatmaq indiki vəziyyətdə yalnız sensasiya olar.

Hər iki komanda, demək olar ki, tam heyətlə oyuna hazırdı. Yalnız "Qarabağ"da uzun müddətdi zədədən əziyyət çəkən Miçel istisnadı. Ağdamlılarda Qara Qarayev və Mahir Mədətovun cəza müddəti başa çatıb. "Qəbələ"də də həmçinin cəzalı və ciddi zədəli yoxdu.

"Qarabağ"ın həmişəki kimi, topa daha çox hakim olması və matça diqtə etməsi gözləniləndi. Belədə əks-hücumlar zamanı "Qəbələ"nin sürətli hücum oyunçularından çox şey asılı olacaq. Komanda müdafiədə etibarlı oynayarsa, sürətli hücumlar zamanı rəqibi cəzalandıra bilər. Təbii ki, "qırmızı-qaralar"ın çempionun təzyiqinə tab gətirib-gətirməyəcəyini oyun göstərəcək.

Qeyd edək ki, sabah keçiriləcək turun mərkəzi oyunu 17:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest