"Hücumu gücləndirə biləcək iki futbolçu var idi. Zubir də zədəli idi. Oyunun sonlarında qapımızda qol gördük. Matç da istədiyimiz kimi gedirdi. Bu səbəbdən əvəzetmə etmədim".
Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə "Sabah"la 1:1 hesablı heç-heçə edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransı keçirib.
Matc.az xəbər verir ki, 47 yaşlı mütəxəssis öncə oyunla bağlı fikirlərini bölüşüb: "Yaxşı və maraqlı oyun alındı. Qələbə qazanmağı çox istəyirdik. Qol epizodları olsa da, istifadə edə bilmədik. 1 xal qazandıq və iki xal itirdik. Bu cür itkilərin olacağını əvvəlcədən demişdim".
O, Araz Abdullayevin əvəzedici heyətə göndərilməsinin səbəbini futbolçunun yaxşı formada olmaması ilə əlaqələndirib: "çıxışından bir qədər narazı idim. Onu dünən əvəzediciyə göndərdim".
Sabiq "Qarabağ"lı Coşqun Diniyevin bugünkü qarşılaşmada uğurlu çıxışını keçmiş komandasına qarşı yüksək motivasiya olunması ilə əlaqələndirən Qurban Qurbanov əvəzetmədən tam istifadə etməməsinə də münasibət bildirib: "Hücumu gücləndirə biləcək iki futbolçu var idi. Zubir də zədəli idi. Oyunun sonlarında qapımızda qol gördük. Matç da istədiyimiz kimi gedirdi. Bu səbəbdən əvəzetmə etmədim".
Qurbanov komandasının qış fasiləsindən sonrakı performansından tam razı qalmadığını da əlavə edib: "Daha yaxşı olmasını, hər oyunçunun yüksək səviyyədə oynamasını istəyirəm. 4 oyunda 12 xal toplamaq istəyirdim. Razı qaldığım və qalmadığım məqamlar var".
Baş məşqçi çempionluq yolunda əsas rəqibləri olan "Neftçi"nin oyunlarına diqqət yetirmədiyini söyləyib: "Əsas öz oyunlarımızı qələbə ilə başa vurmaq istəyirik".