Misli Premyer Liqasında XV turun son günündə debütant "Turan Tovuz" doğma arenasında çempionluğa iddialı "Sabah"la üz-üzə gəldi. Bir gün əvvəl "Qarabağ" büdrədiyindən, bakılıları ağır Tovuz səfərində qələbədən başqa nəticə qane etmirdi.
 
"Turan Tovuz" isə 4-cü yerə yaxınlaşmaq üçün güclü rəqibini büdrətməyə borclu idi. Lakin görüşə ciddi itkilərlə çıxması ev sahiblərinin vəziyyətini çətinləşdirirdi.
 
"Turan Tovuz" – "Sabah" - 0:1
Qol: Aleksey Kaşuk, 80.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Orxan Məmmədov
Tovuz şəhər stadionu.
 
"Turan Tovuz": 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 17. Natan Oduva, 19. Runi Eva, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 60. Səbayıl Bağırov, 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 30. Piruzi Marakvelidze, 9. İmeda Aşortiya.
Baş məşqçi: Ayxan Abbasov.
"Sabah": 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 18. Davit Volkov, 19. Con İrasabal.
Baş məşqçi: Murad Musayev.
 
Hər iki komanda oyun üslubuna sadiq qalmışdı. "Turan Tovuz" 5-4-1, "Sabah" isə 4-3-3 sxemində görünürdü. Onsuz da, heyətlə bağlı ciddi problemlər yaşayan meydan sahibləri artıq 3-cü dəqiqədə daha bir aparıcı oyunçusunu itirdi. Yarımmüdafiəçi Henri Okebuqvu ayağına top dəymədən zədələndi. Nəticədə baş məşqçi Ayxan Abbasov nigeriyalı orta sahə oyunçusunu isinməyə macal tapmamış əvəzləməli oldu.
 
Meydan sahiblərinin oyunu müdafiədən quracağı heç kimə sirr deyildi. Hər halda həm heyətləri, həm də turnir cədvəlindəki mövqeləri müqayisə etsək, bunun əksini gözləmək yersiz olardı. Rəqibin müdafiəyə daha çox meyil etməsi ilk dəqiqələrdən "Sabah"ın topa yiyələnməsinə şərait yaratdı. Bakılılar, xüsusən də, sağ cinahdan təzyiq quraraq boşluq axtarırdı. Ancaq Murad Musayevin kollektivinin topla rahat davrandığını da demək olmaz. çünki tovuzlular mərkəzdən bir qədər geridə sıxlıq yaradaraq, orta sahədə boşluq vermirdi. 5-li müdafiə xəttinin önündəki 3 oyunçuya Natan Oduvanın da tez-tez dəstək verməsi "Turan Tovuz"un daha inamlı müdafiə olunmasına kömək olurdu. Ev sahibləri ara-sıra sürətli əks-hücumlara da cəhd edirdi. Debütant hətta 15-ci dəqiqədə rəqibə şok yaşatmağa da yaxın oldu. Ancaq müdafiə xəttinin yuxuladığı epizodda qapıçı ilə üzbəüz qalan Oduva çox uğursuz zərbə ilə tribunalara toplaşan fanatları məyus etdi.
 
"Sabah"ın sağ cinahında Amin Seydiyevlə Aleksey Kaşuk əks-cinahdakı həmkarları Boyan Letiç və Coy-Lens Mikelsdən daha fəal nəzərə çarpırdı. Pleymeyker funksiyasını icra edən Namik Ələskərovun da onlara köməyi tovuzluların oradakı oyunçuları Ehtiram Şahverdiyevlə Tərlan Quliyevin daim gərginlikdə qalması ilə nəticələnirdi. Əsasən də Kaşuk bəzən rəqibin iki oyunçusunu belə, bir hərəkətlə zərərsizləşdirməyi bacarırdı. Paytaxt klubunun sol cinahda qərarlaşan ən sərrast oyunçusu Mikels isə heç cür öz oyununu göstərə bilmirdi. Tez-tez oyundankənar vəziyyətə düşən almaniyalı qolçu sanki ümumi ansambldan uzaq düşürdü.
 
Orta sahədə çoxluq təşkil edərək rəqibin qapıya çox yaxınlaşmasına imkan verməyən "Turan Tovuz"da Oduva göz oxşayan reydləri ilə azarkeşləri də coşdururdu. Komanda yoldaşları topu ələ keçirən kimi, məhz britaniyalını axtarırdı. O isə "Sabah"ın müdafiə xəttinə çətin anlar yaşatsa da, təkbaşına heç nə edə bilməzdi. çünki hücumçu Runi Eva irəlidə komanda yoldaşına dəstək verə bilmirdi. Oduva hərəkətliliyi, topla ustalıqla davranışı ilə seçilirdisə, Eva ləng davranışları ilə komandasının həmlələrini puça çevirirdi. Forvard hətta əksər vaxtlarda yeri gəldi-gəlmədi zərbə vurmaqla sanki topu başından uzaqlaşdırırdı.
 
Birinci hissə sona yaxınlaşdıqca "Sabah" rəqibi qapısına tərəf sıxmağa başladı. Hiss olunurdu ki, qonaqlar işi ikinci yarıya saxlamaq istəmir. çünki dəqiqələr keçdikcə "Turan Tovuz"un müqavimətinin artacağını başa düşürdülər. Bu dəqiqələrdə "Sabah"ın heyətində yenə Kaşuk seçilirdi. Meydan sahibləri ukraynalı vingerin qarşısını almaqda aciz görünürdü. Ancaq onun driblinqlərini zərbə mövqeyinə çıxardığı komanda yoldaşları hədər edirdi. Bakılılar son dəqiqələri meydanın rəqibə aid hissəsində keçirsə də, tətbiq edilən pressinq heç də gözlənilən səviyyədə deyildi.
 
Murad Musayev arzuladığı aqressiv oyunu fasilədən dərhal sonra komandasının ifasında görə bildi. Rəqibi qapıçı cərimə meydançasına qədər geri çəkilməyə vadar edən qonaqlar real qol imkanları da qazanırdı. "Turan Tovuz"un bu dəqiqələrdə uğurlu müdafiə olunduğunu da demək olmaz. Hər halda komanda qapansa da, rəqibin zərbələrinə mane ola bilmirdi. Sadəcə, Tərlan Əhmədlinin çərçivədə etibarlı oynaması hesabın açılmasına mane olurdu.
 
"Sabah"ın heyətində Namik Ələskərov meydanda hərəkətli görünsə də, pleymeyker kimi faydalı iş əmsalı olduqca aşağı idi. Baş məşqçi də buna bir saat dözə bildi və onu Ceyhun Nuriyevlə əvəzlədi. Nuriyev meydana daxil olduqdan sonra daha çox ikinci mərkəz hücumçusu kimi oynadığından, pleymeykerlik funksiyasını Aleksey İsayev üzərinə götürdü. İnsaf naminə milli komandamızın üzvü bu işi uğurla yerinə yetirirdi. İsayev dəqiq ötürmələri ilə həm cinahları, həm də hücumu daim hərəkətdə saxlamağı bacarırdı. Di gəl ki, irəlidəki oyunçular heç də parlaq müdafiə olunmayan rəqibin qapısına yol tapmaqda aciz görünürdülər. Yalnız Kaşuk topla mükəmməl davranışı sayəsində tovuzlulara rahat nəfəs almaq imkanı vermirdi.
 
Matçın əvvəlindən sol cinahdan hücuma lazımi dəstəyi göstərməyən Boyan Letiç, həmçinin ön xətdə varlığı ilə yoxluğu bilinməyən Coy-Lens Mikels və Emmanuel Apeh sona yaxın əvəzləndi. Murad Musayevin həmkarı Ayxan Abbasov da dərhal buna iki dəyişikliklə cavab verdi. Ancaq meydana yeni daxil olanlar oyuna isinməmiş "Turan Tovuz" qapısında qol gördü. "Sabah"ın ən yaxşısı olan Kaşukun cərimə meydanı kənarından zərbəsinə qapıçı heç reaksiya da göstərə bilmədi. Bununla ukraynalı baxımlı oyununu qolla mükafatlandırdı. Hadisələri qabaqlayaraq deyək ki, Kaşuk "Sabah"ı təkbaşına qələbəyə daşıdı və bir komandaya bərabər oyun ortaya qoydu.
 
Tovuz təmsilçisində ilk yarıda çox güc sərf edən Oduva ikinci 45 dəqiqəni, demək olar ki, meydanda gəzməklə keçirdi. İngiltərəli futbolçunun yorğunluğu aşkar sezilsə də, ehtiyat skamyanın qısa olması Ayxan Abbasovu onu son dəqiqələrə qədər meydanda saxlamağa məcbur edirdi. Artıq itirməyə heç nəyin olmadığını görən meydan sahiblərinin çalışdırıcısı əvəzləmələrlə 4-lü müdafiə sisteminə keçdi, hücumameyilli oyunçuların sayını artırdı. Prinsipcə, son dəqiqələrdə "Turan Tovuz"un çıxışında hərəkətlilik yarandı. Ancaq bunu nəticəyə əks etdirmək mümkün olmadı. Daha səviyyəli futbolçulara malik "Sabah" nəzarəti sona qədər əlində saxladı, rəqibə də ümidlənmək imkanı vermədi.
 
çətin Tovuz səfərində qazanılan qələbə "Sabah"ın lider "Qarabağ"la aradakı xal fərqini 3-ə endirməsinə səbəb oldu. Tovuzlular isə ilk "dördlüy"ə yaxınlaşmaq şansını qaçırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest