02 Dekabr 2022, 23:33
MPL
"Qarabağ"ın baş məşqçi Qurban Qurbanov Premyer Liqanın 16-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Futbolçularımı təbrik edirəm. Bizim üçün vacib matç idi. Bir neçə futbolçumuzda şübhəli əzələ zədəsi oldu. Bəzi futbolçular yoruldu, bəlkə zədəlilər də olacaq. Bir neçə oyunçuda əzələ ağrıları var. Yaxşı çıxışla 3 xal əldə etdik. Azarkeşlərə təşəkkür edirəm, rəqibə uğurlar arzulayıram".
50 yaşlı mütəxəssis əvvəlki turda "Zirə"nin daha yaxşı müdafiə olunduğunu xatırladıb: "Komandamız uzun müddət birlikdə deyildi. Təcrübəli futbolçular belə vacib görüşdə özlərini ələ almalı idilər. Yorğunluq beyinə də təsir edir. Bu, hələlik məni narahat edir. Əvvəlki qarşılaşmalardan nəticə çıxarmışdıq. Futbolçularımı tanıyıram və hər şeyi başa düşürəm".
Qurbanov "köhlən atlar"ın bu gün rəqibdən daha yaxşı çıxış etdiyini sözlərinə əlavə edib: "Əvvəlki matçlarda istifafə olunmayan qol şanslarından yararlandıq. "Neftçi" həmişə "Neftçi"dir. Bu gün bizim oyunumuz daha yaxşı alındı".
Təcrübəli baş məşqçi kapitan Maksim Medvedevin müdafiənin sağında çıxış etməsinə münasibət bildirib: "O, daha çox təcrübəsinin hesabına oynadı. Maksim üçün birdən-birə orada çıxış etmək asan deyil. Həm də uzun müddət zədəli idi və oyun təcrübəsi az idi. Daha yaxşı Maksim görmək istəyirik".