Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bürünc medalçısı Eltac Səfərli yarışın yekun nəticələri barədə Şahmat Federasiyasının rəsmi saytına açıqlama verib. Matc.az xəbər verir ki, o, çıxışından razı qalmadığını gizlətməyib: 
 
"ümumilikdə Azərbaycan çempionatında çıxışım məncə, pis alındı. çox reytinq itirdim. Son görüşdə qələbə qazanmaqla üçüncü yeri təmin etdim. Bürünc medal az da olsa, bir qədər təsəllidir mənim üçün. Oyunum çox pis idi. Əvvəldən oyunum alınmadı. Final mərhələsinə vəsiqə qazanmaq çox çətin oldu. Yarımfinalda Vasif Durarbəyli ilə ilk görüşdə üstünlüyüm var idi, mənasız səhv etdim və uduzdum. İkinci görüşdə də qələbə qazanmaq şansım yarandı, amma uda bilmədim".
 
Şahmatçı uğursuz çıxışın əsas səbəbi kimi yorğun olmasını qeyd edib: "Səbəb yorğun olmağımdadır. İstirahətə fikir verməliyəm. Son aylarda Avropada müxtəlif yarışlarda iştirak etmişəm. Təxminən 3 ay ərzində 70 oyun oynamışam. Burada hiss etdim ki, gücüm çatmır".
 
Səfərli finalçıların hər birinin çempionluğa layiq olduğunu bildirib: "Vasif turnirin ilk hissəsindən çox yaxşı start götürdü. Sonra da yaxşı oynadı. Finalın ikinci görüşündə bir qədər bəxti gətirdi. Hər bir yarışda çempion olmaq üçün az da olsa, bəxt lazımdı. Vasifi təbrik edirəm, növbəti yarışlarda uğurlar arzu edirəm. İkinci yerin sahibi Vüqar da əla oynadı. Hazırda hərbi xidmətdə olduğunu nəzərə alsaq, finala vəsiqə qazanmağı böyük uğurdu. Onun hazırlığı az idi. Fikrimcə, hər ikisi çempionluğa layiq idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest