"Özümüz üçün maraqlı idi ki, yuxarı pillələrdəki komandalarla mübarizə apara bilərik, ya yox. Fərq bir daha hiss olundu".

"özümüz üçün maraqlı idi ki, yuxarı pillələrdəki komandalarla mübarizə apara bilərik, ya yox. Fərq bir daha hiss olundu". Matc.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 24-cü turunda evdə "Zirə"yə 0:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
 
42 yaşlı çalışdırıcı mətbuat konfransında "Zirə"nin daha səviyyəli heyətə malik olduğunu bildirib: "İddialı komandaların ustalıq səviyyəsi yüksəkdir. "Zirə" lazım olan dəqiqələrdə qol vurdu. Oyun baxımından narazılığım yoxdur. Bu gün bütün matç bizim üstünlüyümüzlə keçdi. Qol epizodlarından yararlana bilmədik və ucuz səhvlər etdik. Matçın ən kritik anında standart vəziyyətdən top buraxdıq. Bu da "Zirə"yə üstünlük gətirdi. Qarşıda çox oyunlar var. Bəzi futbolçularımızın inkişafı üçün belə təzyiq altında çıxış etmələri, ani qərar vermələri lazımdır".
 
- Razısınız ki, Piruzi Marakvelidzenin olmaması rəqibə ciddi üstünlük qazandırdı?
- Piruzi son vaxtlar keçirdiyimiz uğurlu oyunların əsas memarlarından biri idi. çünki onun orta sahədə rəqibin təzyiqinin qarşısını alması, soyuqqanlılığı vacibdir. Taktiki cəhətdən doğru oynayır. İstənilən oyunçu itkisi bizim üçün çətindir. Bu gün birinci hissədə pressinq edə bilməməyimizin səbəblərindən biri də son görüşdə çox yüksək tempdə çıxış etməyimiz və yorulmağımız oldu. Onun yerinə bir dağıdıcı oyunçu çıxış etməli idi. Belə rəqibə qarşı da bu işi Eltun Turabov yerinə yetirməli idi. Amma oyuna düşə bilmədi.
 
- Qalib gəlsəydiniz, "Zirə"yə xeyli yaxınlaşacaqdınız. Demək olarmı ki, bu məğlubiyyətlə çempionatdan avrokuboka yüksəlmək şansınız azalıb?
- İkinci dəfədi belə situasiya ilə üzləşirik. Məhz belə matçlarda futbolçuların ustalığı ön plana çıxır. Biz də istərdik ki, şansımız olsun, çempionat daha maraqlı keçsin. Amma bu il məqsədlərimiz başqadır. Avrokuboka vəsiqə qazansaq, daha yaxşı. Olmasa belə, bu, böyük itki sayılmayacaq. çünki qarşımıza belə məqsəd qoymamışıq.
 
- Bir çox futbolçunun müqaviləsi mövsümün sonuna qədərdi. Onlarla yeni sözləşmə üçün danışıqlara başlamısınız?
- Rəhbərliklə danışıqlarımız olur. Növbəti mövsüm iddialı olub-olmayacağımız sual altındadı. çempionatda iddialı olmaq böyük büdcə tələb edir. 5-6 komanda var ki, yüksək yerlərə iddia edirlər. Bu gün onlarla mübarizə aparmağımız real deyil. Ancaq gələn mövsüm builkindən də yaxşı olmağa çalışacağıq. Növbəti mövsüm daha çətin oyunlar olacaq. Rəhbərliklə danışıqlar gedir. ümid edirəm ki, lazımi addımları atacağıq. İlk olaraq büdcə məlum olmalıdı ki, ondan sonra qarşımıza məqsəd qoyaq.
 
- İddiasız komandada çalışmaq motivasiya baxımından çətin olmur?
- Hərdən sual verirlər ki, niyə avrokuboklara oynamırsınız? Həqiqətləri danışaq. Klub var ki, onun şəraiti, büdcəsi iddialı olmağı tələb edir. Biri də var, iddialılarla mübarizə aparmalısan. Kim deyir ki, motivasiyamız yoxdur? Avrokuboklara vəsiqə hədəfi qoymamışıqsa, o deməkdir ki, oyunlara uduzmağa çıxacağıq? 20 komandalı çempionatlar var. Belə çıxır ki, ilk "5-lik"dən aşağıdakılar desinlər ki, biz oynamırıq. Belə müqayisə aparmaq düzgün deyil. Bu gün bölgələrə futbolun qayıtmağının maraq baxımından effekti görürük. Hazır olanda biz də qarşımıza avrokuboka vəsiqə hədəfi qoyacağıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest