"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 24-cü turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Sabah"a qarşı əvvəlki iki oyunumuz da maraqlı alınmışdı. Hər iki komanda üçün üç xal vacib idi. "Sabah" çempionluq mübarizəsindən qopmamaq, biz isə gənc futbolçularımızı Premyer Liqada saxlamaq üçün oynayırdıq. Futbolçularımıza əvvəldən məlumat vermişdik ki, çətin olacaq. çünki "Sabah"ın heyətində səviyyəli yerli və legioner oyunçular var. Onlara qarşı oynamaq həmişə çətin olub. Futbolçularımız hər şeyi yaxşı dərk edirdi, oyuna da yaxşı hazırlaşmışdıq. Onları təbrik edirəm. Layiqli oyun oynayıb, layiqli qələbə qazandıq. "Sabah"a gələcək oyunlarda uğurlar arzulayıram.
 
Bütün matçlarda istədiyimiz futbolu oynaya bilirik. Məşqlərdə necə hazırlaşırıq, hansı planı qururuqsa, oyunda bunları həyata keçirirk. Ancaq son dəqiqələrdə buraxılan qollar, ani diqqətsizlik məğlubiyyətə gətirib çıxarır. Lakin komandamıza, futbolçularımıza güvənirik. çünki futbol oynaya bilirik, hər oyunda qələbə qazanacağımızı da anlayırıq. Fərqi yoxdur, rəqib "Sabah"dır, yoxsa "Qarabağ". Düzdür, təcrübəlidirlər. Amma hər bir rəqibə qarşı eyni hazırlaşırıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest