25 Fevral 2023, 20:04
MPL
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 24-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 24-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"İlk dəqiqələrdən görünürdü ki, oyunumuz getmir, alınmır. Startda qol buraxırsansa, nəticə də bu cür olacaq. Düzdür, çox yaxşı oyunlarımız olmayıb. Nə məndən əvvəl, nə də mənim dövrümdə. Amma bu, bəlkə də ən bərbad oyunumuz idi. Bu cür oyunla heç nəyə ümid etmək olmaz. Layiqli şəkildə uduzduq. Bu gedişlə Premyer Liqanı tərk etsək, demək ki, buna layiqik. Əsəbdən dediyim sözlər deyil. Sadəcə, bunları vurğulamaq lazımdır. Futbolçularla oyundan qabaq danışdıqlarımız hara, oynadığımız hara. "Kəpəz"in necə qol vura biləcəyi barədə danışmışdıq. Amma rəqib elə o mövqelərdən qol vurdu, bəzi oyunçularımızın qarşısından. Bu gün meydanda baş verən proseslərə görə, haqlı olaraq uduzmalı idik. Axırıncı iki-üç dəqiqəni heç hesaba almıram. Həmin asmaları onsuz da bütün komandalar edir. Bu, oyun üçün göstərici deyil. Qarşılaşmanın əvvəlindən öz ağırlığını qoya bilmirsənsə, uduzmağa məhkumsan. Ustalıq səviyyəsi yoxdur, yaxşı, bunu başa düşdük. Heç olmasa, ürəyini meydanda qoymalısan, hər mübarizədə birinci olmalı, birinci və ikinci topları götürməlisən. Bunlar da yoxdursa… Bizim kimi komandalar üçün ustalıq səviyyəsindən danışmaq yersizdir. Amma dediyim ruhla da oynamayanda, nəticə bəlli olur. Hazırda paltardəyişmə otağında ab-hava heç də yaxşı deyil. Bugünkü oyun göstərdi ki, biz elə ən axırıncı pillədə olmağa layiqik.
Buraxılan hər iki qolda Aydın Bayramovun səhvi var idi. Bu, qapıçılar üzrə məşqçinin zəif işləməsindən irəli gələn məsələ deyil. Qapıçılar üzrə məşqçinin bura nə dəxli? Komandanın baş məşqçisi var. Bəli, rəqabətsizlik ola bilər. Bir mətbuat konfransında demirəm, ikincində demirəm, amma hər oyunda qapıda belə səhvlər var. O, oturub karyerasını düşünməlidir. İkinci qolda böyük səhvi oldu. Bu gün meydanda olan heç bir oyunçunu xüsusi dəyərləndirmək mümkün deyil. Bu oyunçu bir az yaxşı oynadı, demək olmur. O səhvlər olmasaydı, ən azından heç-heçə etmək imkanımız yarana bilərdi. Səhvlər sıralandıqca da, bu cür əziyyət çəkirik. Amma bunun da sonu olacaq. İlnur Vəliyevin növbəti oyunda qapıda duracağını indidən deyə bilmərəm. Növbəti matça hazırlaşanda ümumi ab-havanı görürsən, vəziyyəti dəyərləndirirsən. Bunlar həftəiçi gedən proseslərdən asılıdır. Bu gün mən də çox hirslənmişəm, qapıçıma da həmçinin. Hər komandada problemlər olur. Bu gün üçün bizim də əsas problemimiz qapı xətti ilə bağlıdır. Amma güvənmək borcumuzdur. Nə vaxta kimi çəkəcək, bilmirəm. Aydının tez bir zamanda düzəlməyini, özünə gəlməyini arzulayıram"