"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 25-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 25-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Bu oyunda üç xal çox önəmli idi. Məğlub olsaydıq, daha çətin vəziyyətə düşəcəkdik. Daha sonra həmin vəziyyətdən çıxmaq da çətin ola bilərdi. Amma futbolçular bu oyunu xilas edə bildilər. öz aralarında da danışıqları olmuşdu, bizə də bu oyunda qalib gələcəklərinə söz vermişdilər. Komanda istəkli görünürdü. Əslində, hər iki komanda eyni vəziyyətdə idi. Aşağı-yuxarı eyni oyun göstərirdik. Keyfiyyətdən uzaq futbol olsa da, lazım olan mübarizə, istək idi. Deyirlər ki, bu cür oyunda hansı komanda qol vursa, qalib gəlir. Belə də, oldu. Penalti futbolçuların göstərdiyi mübarizənin nəticəsi idi. Komandama təşəkkür edirəm. Bizim kimi komandalar elə bu cür oyunlarla qalib gələ bilərlər. İlk "dördlük"də yer alan komandalardan aşağıda olan kollektivlərin oyununa diqqət yetirin, sonda ən çox istəyənlər qalib gəlir. Futbolçular sağolsunlar ki, verdikləri sözü tutdular.
 
Qışdan sonra 9 xal yığmışıq. Bu, bizim kimi komanda üçün nəticədir. Əsas məqsədimiz 9-cu yeri tutmaqdır. Nə qədər qalxsaq, bizim üçün yaxşıdır. Vacib olan odur ki, sonuncu pilləni tutmayaq. Görmək istədiyimiz oyun bu deyil. Yeni gələnlərə vaxt lazımdır. Onlar nə istədiyimi anlamalıdırlar. Futbolçulara vaxt lazımdır. Bir komanda qurursansa, baş məşqçiyə inanırsansa, gözlə. Bizdən qabaqda gedən komandaların heç birində yeni gələn baş məşqçi yoxdur. Qurban Qurbanov, Rəşad Sadıqov, Elmar Baxşıyev, onların timsalında komandalarında oyun görə bilərsən. Mən də kanallara baxıram. "Sumqayıt"ın oyunundan narazısınız. Bunun qarşılığında heç nə deyə bilmərəm. Haqlısız. Amma istədiyimiz oyun bu deyil. Düzələcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest