"Euro Club Index" Avropa ölkələrində milli çempionatların hazırkı durumunu təhlil edərək, mövsümün yekununu proqnozlaşdırıb. Matc.az saytının məlumatına görə, şirkət Topaz Premyer Liqasında da hansı komanda neçənci yeri tutacağını təxmin edib.
Proqnoza görə, cari mövsümün də çempionu "Qarabağ" olacaq. Hazırda ikinci pillədə qərarlaşan Ağdam klubunun mövsümü 60 xalla zirvədə tamamlaması ehtimal edilib. Gümanlara inansaq, hazırkı lider "Neftçi" "Qarabağ"dan 3 xal az toplayacaq və gümüş mükafata layiq görüləcək. "Qarabağ"ın çempionluq ehtimalı 75,2%-lə, "Neftçi"nin qızıl medal qazanmaq şansı isə 24,8%-lə ölçülüb.
Liderdən 13 xal az yığaraq 3-cü yerdə qərarlaşan "Səbail"in, eləcə də digər komandaların çempionluq şansı 0-a bərabər göstərilib. "Euro Club Index" bürünc mükafata "Səbail"i yox, "Qəbələ"ni şanslı görür. Proqnozlar özünü doğrultsa, "qırmızı-qaralar" mövsümü 39, bakılılar isə 37 xalla tamamlayacaq.
"Zirə"ni 5-ci, "Sabah"ı 6-cı, "Keşlə"ni 7-ci pillədə görən təşkilat "Sumqayıt"ın sonuncu yerlə elitanı tərk edəcəyini düşünür.