“Qarabağ”ın sabiq futbolçusu, hazırda klubun akademiyasında çalışan Samir Musayevin matc.az saytına müsahibəsi
- Erməni işğalçılardan azad edilən Xankəndiyə getmək, orada tarixi futbol oyununu izləmək sizə hansı təəssüratları bağışladı?
- Vallah, bunu gərək yerində yaşayasan. Keçirdiyimiz hisslər Ağdama girişdən başladı. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin, əsgərlərimizi qorusun, Ali Baş Komandanımıza uzun ömür versin. Bu hissi bizə onlar yaşatdılar. Oralarda hər şəhidimizin, qazimizin qanı var. Biz və bizdən sonrakı nəsillər bunu unudarsa, yaşamaq bizə haramdı. İnşallah, bütün Azərbaycan vətəndaşları oraları qarış-qarış gəzəcək, yaşayacaq, yaradacaq, amma heç kim bunu bizə yaşadanları unutmamalıdı! Xankəndiyə gedəndə bizə Xocalını da görmək nəsib oldu. O təpələrdə, çaylarda öldürülən analarımız, körpə balalarımız, babalarımız və nənələrimizin Xocalıdan çıxıb qaçdıqları yolu, çayı, dağı, təpəni görəndə ağlamamaq əldə deyildi. Ardınca Əsgəranın içindən keçdik. Əsirlikdə olan nə qədər qadın, qız, qoca və uşaq olubsa, hamısına orada əziyyət verərək öldürüblər. Kimi dindirsələr, hamısı Əsgərandakı zülmdən danışırdı. İndi düşünün, qan yaddaşımız Xocalıdan, Əsgərandan keçib tariximiz Qarabağın ürəyi olan Xanın Kəndinə getmək və bütün bunların memarı Ali Baş Komandanın çıxışını canlı izləmək, topa ilk toxunuşunu, matçın son dəqiqəsinə kimi şəhidlərimizin balaları ilə oyuna baxmağını görmək adama hansı hissləri yaşadır…
- Xankəndi şəhər stadionunda qısa müddətdə görülən işlər haqda nə deyə bilərsiniz?
- İşlər adı üstündə qısa müddətdə görüldü. Buna rəğmən, hər şey yüksək səviyyədə həll olundu. Yenə görüləcək işlər varmı, bəli, var, çoxdu. İnşallah, orada beynəlxalq standartlara uyğun stadion görəcəyik. Amma hər şeyin öz vaxtı var, bir az səbrli olaq. Vaxt var idi ki, o torpaqlara həsrət idik. Ancaq dünən orada “Qarabağ”ın oyununu 6 min tamaşaçı izlədi. Tribuna tutumu imkan versəydi, yüz min tamaşaçı izləyərdi.
- Əksəriyyət “Qarabağ”ın bu görüşdə asan qələbə qazanacağını gözləyirdi. Ancaq MOİK əzmkar müqavimət göstərdi, yalnız son dəqiqədə qol buraxdı. Oyunla bağlı nə deyə bilərsiniz?
- “Qarabağ”ın qalib gələcəyi gözlənilən idi. Amma MOİK-in futbolçuları sonuncu dəqiqəyə qədər mübarizə apardılar. Buna görə də onlara alqış düşür. Maşallah olsun, yaxşı müqavimət göstərdilər. “Qarabağ”ın oyununa bir az meydançanın süni örtüyü mane oldu. Buna baxmayaraq, “Qarabağ” sonuncu dəqiqədə də olsa, nəticəni əldə etdi.
- Qurban Qurbanov oyundan sonra deyib ki, növbəti kubok oyunlarını da Xankəndidə keçirmək istəyərlər…
- Niyə də olmasın?! Stadion tam hazırdı, sadəcə, süni meydança ya standartlara uyğun yenisi ilə, ya da təbii örtüklə əvəz edilməlidi. Bundan sonra Xankəndidə Azərbaycan çempionatının matçlarını da, beynəlxalq oyunları da keçirmək olar. Qurban müəllimlə tam razıyam. İnşallah, istədiyi kimi olar. Hətta orada uşaq futbolu üzrə beynəlxalq turnirlər də təşkil edilə bilər. Bütün dediklərimiz olacaq, bilirəm ki, bir az vaxta ehtiyacımız var.
- Kubokun final matçının Xankəndiyə salınmasını istəyənlər də çoxdu. Sizcə, klublar süni örtüyə görə narazılıq edərlər?
- Hazırda ən çox istədiyim budu. İnşallah, final Xankəndidə olsun. Heç kim narazılıq edə bilməz. İnanmıram ki, hansısa klub bu tarixi anı yaşamaq istəməsin. Final matçına kimi vaxt çoxdu. O vaxtadək meydançanın ot örtüyünü də standartlara uyğun səviyyəyə gətirmək olar. Mən də elə düşünürəm ki, kubokun final görüşü Xankəndidə keçiriləcək. O vaxta kimi tribuna sayı artırılacaq, ot örtüyü də yaxşılaşdırılacaq.
- Necə düşünürsünüz, növbəti mövsümdə Xankəndinin öz futbol komandasını yarışlarda görmək mümkün olacaq?
- Bunu çox istərdik. Amma mənə elə gəlir ki, hələ tezdi. Çünki hələ Xankəndi abadlaşdırılacaq, görüləcək işlər çoxdu. Bu, bir neçə il çəkə bilər. Hər şeyin öz vaxtı, zamanı var.