Azərbaycan milli komandasının sabiq futbolçusu Fabio Luis Ramimin matc.az saytına müsahibəsi
- Bir müddət öncə yolları ayırdığımız Canni de Byazinin yığmamızın baş məşqçi postundakı fəaliyyətini necə qiymətləndirirsiniz?
- Məncə, de Byazi Azərbaycan millisində o qədər də pis işləmədi. Onun fəaliyyəti dövründə müsbətə doğru bəzi dəyişikliklər gördüm. Xüsusən, hücuma keçiddə və orta xətdə müdafiə üsulunda inkişaf oldu. Bəzi görüşlərdə komandanın özünü necə aparması, sərgilədiyi oyun xoşuma gəldi.
- Azərbaycanda əksəriyyət bu fikirdədi ki, millini yerli mütəxəssis çalışdırmalıdı. Bu fikri dəstəkləyirsiz?
- Mən də elə hesab edirəm ki, yığmaya azərbaycanlı məşqçi rəhbərlik etməlidi. Çünki o, sizin mədəniyyətinizi, mentalitetinizi, xalqınızı daha yaxşı bilir, tanıyır. Amma mən yenə də əsas problemi futbolçuların formalaşmasında və çempionatın səviyyəsində görürəm. Güclü futbolçular olmasa, istənilən məşqçi heç nə edə bilməz, xüsusən Avropada. Baxın, “Qarabağ” Azərbaycan Liqasına görə nə qədər güclüdü. Çünki yaxşı futbolçulara sahibdi.
- Sizcə, hansı məşqçimiz Azərbaycan yığmasına rəhbərlik etməlidi?
- Hazırda ən hazırlıqlı məşqçi Qurban Qurbanovdu. Rəşad Sadıqov da yaxşı mütəxəssisdi. Amma dediyim kimi, oyunçuların formalaşması prosesi düzgün aparılmasa, heç vaxt böyük nəticələr alınmayacaq.
- “Qarabağ”ın ölkə futbolunda daha bir tarix yazaraq, Avropa Liqasının pley-off mərhələsinə yüksəlməsi haqda nə deyə bilərsiniz?
- “Qarabağ”ın Avroliqanın qrupundakı oyunlarını seyr etdim. Pley-offa çıxdıqları üçün onların adına çox sevinirəm. Buna layiq idilər.
- Yeri gəlmişkən, “Qarabağ” pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşacaq. Bu görüşlərdən hansı nəticəni gözləyirsiniz?
- Qurban Qurbanov və komandası qrupdan çıxmaqla böyük iş bacardı. Ancaq mən “Qarabağ”ın daha bir sürpriz edəcəyinə inanıram.
- Portuqaliyalılar futbolu braziliyalıların tərzində oynayırlar. “Braqa” önünə çıxacaq “Qarabağ”ı hansı təhlükə gözləyə bilər?
- Aydın məsələdi ki, “Qarabağ” üçün səfər qarşılaşması daha çətin keçəcək. Portuqaliyadakı təzyiqə tab gətirə bilsələr, Bakıda “Braqa”ya qalib gəlmək mümkündü.
- Azərbaycan Premyer Liqasına baxmaq imkanınız olurmu? Hansı komandalarımızın cari mövsümdəki çıxışı daha çox diqqətinizi çəkir?
- Bir neçə oyuna baxa bilmişəm, bütün matçları izləmək imkanım olmur. Onu deyə bilərəm ki, “Zirə” maraqlı komandadı. Çempionatın ən yaxşısı isə “Qarabağ”dı.
- Hazırda çempionatımızda oynayan braziliyalı futbolçuların hamısını tanıyırsınız?
- Xeyr. Cəmi 2 nəfərin adını çəkə bilərəm. Biri Riçard Almeydadı, onu çoxdan tanıyıram. Digərini isə “Qarabağ”ın cari mövsümdəki matçlarında gördüm. Juninyonu nəzərdə tuturam, çox yaxşı futbolçudu.