“World Winners Cup Alanya 2026” turnirində iştirak edən Azərbaycanın “Marafon” İK klubunun kapitanı Sabir Allahquliyev komandanın uğursuz çıxışının səbəblərindən danışıb. Matc.az xəbər verir ki, futbolçu rəqiblərdən oyun baxımından geri qalmadıqlarını, lakin heyətdə legionerlərin olmamasının nəticəyə təsir göstərdiyini bildirib.
O, rəqib komandaların heyətində Bolqarıstan, Çin və Ukrayna millilərinin üzvlərinin çıxış etdiyini xatırladıb. Kapitanın sözlərinə görə, bəzi klublar heyətlərinə 3-5 əcnəbi futbolçu cəlb ediblər. Hətta Çin təmsilçisi 5 braziliyalı oyunçu ilə turnirdə iştirak edib.
S.Allahquliyev yağışlı hava şəraitinin də komandaya təsir etdiyini vurğulayıb. O, Bolqarıstan təmsilçisi ilə görüşdə hesabda öndə olduqlarını və qələbə qazanmaq imkanlarının olduğunu qeyd edib.
Kapitan belə beynəlxalq turnirlərdə mütəmadi iştirakın gənc futbolçuların inkişafı və təcrübə toplaması baxımından əhəmiyyətli olduğunu bildirib.
Qeyd edək ki, “Marafon” İK “World Winners Cup Alanya 2026” turnirində keçirdiyi dörd oyunun hamısında məğlub olub. Azərbaycan təmsilçisi 32 komanda arasında 25-ci yeri tutub.













