Sabah Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları start götürəcək. Matc.az saytı xəbər verir ki, iki gün ərzində baş tutacaq dörd oyunun ardından 1/4 finala yüksələcək ilk 4 komanda müəyyənləşəcək.
İlk gündə “Bavariya” ev, PSJ səfər sınağına çıxacaq. Səfərdə “Latsio”ya minimal fərqlə uduzan almanlar bunun revanşını evdə almağa çalışacaq. Hazırda heç də yaxşı günlərini yaşamayan “Bavariya”ya İtaliya klubu şok yaşada bilər. PSJ isə bu baxımdan rahatdı. Çünki fransızlar ilk matçda doğma arenasında “Real Sosyedad”ın qapısından 2 cavabsız top keçirib.
Ertəsi gün Çempionlar Liqasının son qalibi “Mançester Siti” ilə turnirin ən titullu komandası “Real” çıxış edəcək. Premyer Liqa təmsilçisi səfərdə qalib gəldiyi “Kopenhagen”i evdə sınağa çəkəcək. “Real”da da vəziyyət bənzərdi. “Kral klubu” “Leypsiq”i Madriddə qəbul edəcək. Almaniyadakı ilk qarşılaşmada ispanlar qalib gəlib.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
5 mart
00:00. “Bavariya” (Almaniya) – “Latsio” (İtaliya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen, “Allianz Arena”
İlk oyun – 0:1
00:00. “Real Sosyedad” (İspaniya) – PSJ (Fransa)
Baş hakim: Maykl Oliver (İngiltərə)
San Sebastian, “Reale Arena”
İlk oyun – 0:2
6 mart
00:00. “Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka)
Mançester, “Etihad” stadionu
İlk oyun – 3:1
00:00. “Real” (İspaniya) – “Leypsiq” (Almaniya)
Madrid, “Santiaqo Bernabeu”
İlk oyun – 1:0
Qeyd edək ki, mərhələnin digər 4 cavab görüşü martın 12-13-də keçiriləcək.