Azərbaycan Kubokunda yarımfinalçılardan ikisi bəllidir. Adlar sürpriz deyil – nə “Səbail” ilk oyundakı məğlubiyyətin əvəzini çıxa, nə də “Sumqayıt” uğursuz gedişin əyləcini basa bildi. “Qarabağ” səfər qələbəsinin davamını evdə gətirdi, “Sabah” isə darmadağınla hədəfinə doğru növbəti addımı atdı.
 
Hər iki oyunda 4 qol vuruldu. “Səbail” “Qarabağ”ın ilk qoluna erkən cavab versə də, davamına gücü çatmadı. Avtoqolu da nəzərə alsaq, bütün qollara yerlilər imza atdı və ağdamlılar arzusuna çatdı. Hətta meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanovun daha çox ehtiyat qüvvəyə güvənməsi də heç nəyi dəyişmədi, “dənizçilər” bu yarışda irəliləyə bilməyəcəyini anladı.
Digər cütdə ilk oyunda hesab açılmadığından, “Sumqayıt”ın sensasiyaya imza atmaq ümidi var idi. Lakin çempionatda istədiyi pillələrdən uzaq qalan “Sabah” bütün ümidlərini bağladığı kubokda belə rəqibə şans verə bilməzdi. Qonaqlar oyuna məsuliyyətlə yanaşdı və darmadağına imza atdı.
 
“Bayquşlar” ın son üç qolu sol cinahdan sağa doğru ötürmələrdən sonra vuruldu, bir-birinin oxşarı oldu. Bunu meydan sahiblərinin baş məşqçisi Vaqif Cavadovun ayağına yazmaq lazımdır. O, təhlükənin qarşısını ala bilmədi, “Sabah” da zəif nöqtəni tapıb imkanları dəyərləndirdi.
“Sumqayıt”ın kubokdan kənarda qalması faciə deyil. Komandanın imkanları bəllidir, bundan sonrakı mübarizəni çempionatda aparıb Premyer Liqada qalmağa çalışacaqlar. İş orasındadır ki, “kimyaçılar”ı yaxşı gələcək gözləmir. Komanda ardıcıl 10 oyundur qol vura bilmir. Sonuncu dəfə hazırda komandada olmayan Cordan Rezabala fərqlənib, onun da qolunun üstündən 81 gün keçib. Cavadovun yetirmələri 947 dəqiqədir rəqib torunu silkələməyi bacarmır.
 
“Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyev yəqin ki, indi necə səhv etdiyini anlayır. Komanda o vaxt uğur qazanırdı ki, məşqçilər – Ayxan Abbasov, Samir Abasov onun gətirdiyi oyunçuları bəyənmir, Rəfiyevlə küsülü qalmaq hesabına öz bildiklərini edir, diktəyə qulaq asmadan heyət qururdular. Və komanda avrokuboklarda mübarizə aparır, yüksək yerlər üçün döyüşürdü. Bəziləri bunu Riad bəyin uğuru sayır, onu qəhrəman (hero) kimi təqdim etməyə çalışırdı.
 
Amma zaman göstərdi ki, “Sumqayıt”ın yaxşı nəticələri məhz məşqçilərin uğuru imiş. Aleksey Baqa kimi Vaqif Cavadov da menecer-prezidentin tapşırığıyla işlədi, onun şəxsi məqsədləri üçün gətirdiyi futbolçuları oynatdı və nəticə göz önündədir. “Kimyaçılar”ın qol qrafasında 10 oyundur 0 (zero) rəqəmi yazılır. Komandada bu qədər geriləmə varsa, məşqçi günahkardır. Amma ən böyük suç sahibi həmin məşqçiyə güvənən idarəçidədir.
 
Kimsə Rəfiyevi yerli gənc məşqçiyə güvəndiyinə görə tərifləməsin. Cavadov əvəzedici heyətdə nə etmşdi ki, əsas komandaya təyinat alsın? Vaqif bəy “sözəbaxan” olduğu üçün o postu tutdu və menecer-prezidentin istədiyi futbolçuları oynatdığı üçün karyerasına rüsvayçılıqla davam edir.
 
Transfer pəncərəsi bağlanıb, hazırlıq keçmək üçün zaman yoxdur. Bu o deməkdir ki, “Sumqayıt”ın güclənməyə, toparlanmağa vaxt tapılmayacaq. Digər autsayderlər daha biabırçı çıxış etməsə, 2-3 turdan sonra “kimyaçılar”ı turnir cədvəlinin son pilləsində görəcəyik. Ora düşdüsə, komandanı zirzəmidən çıxarmaq mümkün olmayacaq.
 
futbolinfo.az
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest