“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasovun matc.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 24-cü turunda evdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzdunuz. Matçla bağlı nə deyə bilərsiniz? Məğlubiyyətin səbəbini nədə görürsünüz?
- Evdə uduzmaq istəmirdik. Çünki bizim üçün hər oyun və xal vacibdi. Bu, çempionatın sonuna qədər belə gedəcək. Əlimizə düşən qol şanslarından istifadə edə bilmədik. Oyun nə qədər nəzarətimizdə olsa da, qol epizodlarını boşa verdik. Rəqibin komanda şəklində müdafiə olunacağını bilirdik, bu, meydanda da görünürdü. Hesabı açandan sonra müdafiəyə daha çox fikir verdilər. Buna baxmayaraq, ümumilikdə 4 real qol epizodu yarada bildik. Təəssüf ki, fərqlənməyi bacarmadıq. Bir çox futbolçumuz gəncdi və tək bu oyunda deyil, bundan öncəki “Kəpəz”lə görüşdə də oxşar epizodlar yaşandı. Təbii ki, qol epizodları yaratmağımız məni sevindirir. Bunu edə biliriksə, deməli, tətbiq etdiyimiz oyun üslubuna sonadək inanmalıyıq. İnşallah, gələn matçlarda bəhrəsini görəcəyik.
- Qış fasiləsindən sonra keçirdiyi oyunlarda “Şamaxı” cəmi 4 xal toplayıb. Yəqin ki, bu gedişatı gözləmirdiniz...
- Əlbəttə, qış fasiləsindən sonra daha çox xal toplayacağımızı gözləyirdik. Ancaq bizim çempionatda əvvəlcədən təxmin etmək olmur, mövsüm ərzində belə oyunlarla da qarşılaşırsan. Məğlub olduğumuz matçlarda belə, pis təsir bağışlamırıq. Amma bu, xal vermir. Başa düşürük ki, nəticə önəmlidi. Həm oyun, həm də nəticə olmalıdı. Hələ 1 dövrədən çox oyunlarımız qalıb. Buna görə də mübarizəmizi davam etdirməliyik.
- Növbəti turda “Səbail”in qonağı olacaqsınız. Bu görüş hər iki tərəf üçün çox əhəmiyyətlidi. Meydanı qələbə ilə tərk edə biləcəksiniz?
- “Səbail” çətin rəqibdi, evdə daha yaxşı oyun göstərir. Görürük ki, qış fasiləsindən sonra daha inamlı çıxış edirlər. Yığdıqları xal sayı buna sübutdu. Bizi çətin səfər gözləyir, amma komandamıza inanırıq. Dediyim kimi, hələ çempionatın tam 1 dövrəsi geridədi. Bu gün hansısa oyunda qalib gələ də, məğlub ola da bilərik. Bu hələ heç nə demir. Əsas odu ki, futbolçularım sona qədər məsuliyyət hiss etsinlər, məncə, hiss edirlər də.
- Hazırda 8-ci pilədə qərarlaşan “Şamaxı” ilə sonuncu pillə arasında cəmi 3 xallıq fərq var. Bu məqam, Premyer Liqanı tərk etmək qorxusu futbolçuların üzərində əlavə təzyiq yaradırmı?
- Real danışsaq, çempionat yeni başlayanda da biz bilirdik ki, 3-4 komanda çempionatda sonuncu olmamaq üçün mübarizə aparacaq. Bəzi reallıqlar var, bunu qəbul etmək lazımdı. Şükürlər olsun ki, futbolçularım bunu ilk gündən dərk edirlər, o təzyiqi üzərilərindən atıblar. Bu gün bir çox futbolçum “Şamaxı”da bəlkə də karyerasının ən üst səviyyəsində çıxış edir. Bu məni sevindirir. Legionerlər bizi seçəndə müəyyən mənada tərəddüd edirdilər. Premyer Liqaya qayıdışdan sonra birinci ilimiz idi, komanda necə olacaq, onu bilmək istəyirdilər. Amma bu gün görürük ki, “Şamaxı”da olmaqdan razıdılar və oyunları ilə öz yerlərini qazanıblar. Demək ki, futbolçuların üzərində o stress yoxdu. Buraxdığımız xırda səhvlərə yol verməsəydik və qol epizodların daha yaxşı dəyərləndirsəydik, bəlkə də tam başqa cür olardı. Bilirsiniz ki, qış fasiləsindən əvvəl komandada problemlər oldu, o da bizə pis təsir etdi. Əsas odu ki, həmin problemlərin öhdəsindən komanda olaraq gəldik. Heyətimizə yeni futbolçular qoşuldu, çalışırıq. Allahın izni ilə qarşımıza qoyduğumuz məqsədə çatacağıq.