“Liverpul”un və Seneqal millisinin sabiq futbolçusu El Haci Diuf “mersisaydlılar”ın əfsanəvi müdafiəçisi Ceymi Karragerin Afrika Millətlər Kuboku ilə bağlı fikirlərinə reaksiya verib.
Matc.az xəbər verir ki, Diuf sabiq komanda yoldaşını rasistlikdə günahlandırıb.
O, Karrageri sərt şəkildə tənqid edib: “Afrika Millətlər Kuboku dünyanın ən böyük üç futbol turnirindən biridir və onu 1,4 milyarddan çox tamaşaçı izləyib. Bu turnir 170-dən çox ölkədə yayımlanır və bu da onu qlobal səviyyəli bir hadisəyə çevirir. Buna hörmət etmək lazımdır. Afrikalı istedadlar dünya futbol liqalarında dərin iz qoyublar. Bunlar Samuel Eto, Didye Droqba, Cey-Cey Okoça, Corc Vea, Sadio Mane və Məhəmməd Salahdır. Karrager isə bu afrikalılarla müqayisə oluna bilməz. Sən rasistsən, Ceymi Karrager. Bu gün Afrikada Ceymi Karrager desən, insanlar bunu hansısa ketçup və ya xardal markası hesab edərlər”.
Qeyd edək ki, Ceymi Karrager “Liverpul”un hücumçusu Məhəmməd Salahın dünyanın ən yaxşı futbolçusu adını qazanmasının çətin olduğunu, çünki Misir millisinin yüksək səviyyəli turnirlərdə iştirak etmədiyini bildirmişdi.