“Elə durumdayıq ki, istəklərimiz imkanlarımızla üst-üstə düşmür. İndi Norveç, Çexiya və ya Slovakiya ilə oynamaq ölkə xaricinə səfər, vizalar və nəqliyyat deməkdi. Bu mənada Düşənbəyə getmək daha asandı”. Matc.az xəbər verir ki, bunu “Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqa deyib.
Belaruslu mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında milli komandalarının Azərbaycan və Tacikistan yığmaları ilə keçiriləcək yoldaşlıq görüşünü dəyərləndirib. 44 yaşlı çalışdırıcı hazırkı məqamda güclü komandalarla qarşılaşmağın onların xeyrinə olmayacağı qənaətindədi: “Tacikistan və Azərbaycanın daha zəif olacağını düşünmürəm. Həm də nəzərə alaq ki, heyətimizdə çox sayda debütant var. Hazırkı rəqiblər bizim üçün ən uyğun seçimdi. Ölkə çempionatının bir oyunundan sonra Norveç kimi yığma ilə oynayıb 5 qol buraxmaq milliyə yeni qoşulanların özünəinamına zərbə vurmaq olar”.
Baqanın fikrincə, rəqiblər onlarla bərabər gücdədi: “Hər bir futbolçu və məşqçi güclü rəqiblərlə oynamaq, təcrübə toplamaq istəyir. Bu möhtəşəm hissi özüm də yaşamışam. Lakin indi Tacikistan və Azərbaycandan maksimum faydalanmaq lazımdı. Bəlkə də, indi gücümüzə bərabər rəqiblərlə oynamaq daha məqsədəuyğundu. Belədə futbolçularda inam yaranar. Bu, eyni zamanda yeni coğrafiya və möhtəşəm stadionlar deməkdi. İstənilən halda komandamız üçün çətin olacaq”.
Qeyd edək ki, Azərbaycanla Belarus arasında yoldaşlıq görüşü martın 25-də “Bank Respublika Arena”da keçiriləcək.