06 Noyabr 2022, 17:59
MPL
"Səbail"in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 13-cü turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.
"Səbail"in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 13-cü turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"İlk növbədə klubumuz adından hər kəsi qarşıdakı Zəfər Günü münasibəti ilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Oyuna gəldikdə, matça yaxşı başlamışdıq. Amma sonradan rəqib üstünlüyə yiyələndi. Uduzanda deyiləsi söz çox olur. Lakin mətbuat yox, futbolçular üçün. Meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, istəyimizə çata bilmədik.
İlk dövrədə səfərdə "Sabah"dan xal almışdıq. Bu dəfə ustalıq çatmadı. Son oyunlarda fərdi səhvlərdən qollar buraxırıq. Rəqibin fərdi ustalığı və fərdi səhvlərimiz qələbəyə imkan vermədi.
Mən daha yuxarı pillələrdə yer alacağımızı gözləyirdim. Amma reallıq odur ki, aşağı dördlükdəyik. Əlimizi yanımıza salmayacağıq, Sona kimi mübarizə aparacağlıq.
Məğlubiyyət həmişə əhval-ruhiyyəyə təsir edir. çalışırıq əlimizdəki futbolçulara şans verək. Məni ən çox narahat edən odur ki, onlar bunu başa düşmürlər. Bu gün əsas heyətin 4 üzvü meydanda yox idi. 2 nəfər cəzalı, daha 2-si zədəli idi. Futbolda müdafiə olunmaq asandır, amma hücum edən zaman çox güc itirilir. Bu gün sağ cinahda pis təsir bağışlamasaq da, sol cinahda axsayırdıq. İndidən transferlər barədə düşünmürük. Amma ümumilikdə təbii ki, güclənməliyik. Maraq dairəmizdə olan futbolçular var. Xüsusən də yerliləri heyətə qatmaq istərdik. Lakin indiki halda əlimizdəki heyətlə ilin sonuna qədər mübarizə aparacağıq.
Komandamızın belə oyunu tək mənə yox, məncə, hamımıza pis təsir edir. Futbolçu kimi necə iddialıydımsa, bu gün də eləyəm. Nəsə düzəltmək istəyirik. Lakin yaxşı komanda qurmaq tez əmələ gəlmir. Bəhanə gətirmək istəmirəm, amma vaxt lazımdır və istədiyimiz futbolçuları heyətə qatmalıyıq".