Premyer Liqanın XVIII turunun “Zirə” – “Qarabağ” oyunundan (0:1) sonra Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis mövsümün ilk yarısının son matçı barədə fikirlərini açıqlayıb:

“Futbolçularımı təbrik edirəm. Çox dinamik, səbirli oyunla yaxşı qalibiyyət əldə edə bildilər. Hər iki komandanın futbolçularına təşəkkür etmək istəyirəm. Mövsümün ilk yarısının son matçı olmasına baxmayaraq, azarkeşlər üçün çox sürətli, mübarizəli oyun göstərdilər. Bir neçə gün istirahət edə bilərlər. Yanvarın 5-də yenidən bir araya gələcəyik. Tempi oyunboyu qoruyub saxlamaq asan deyil. Rəşad Sadıqov bu görüşə çox yaxşı hazırlaşmışdı. Bu, matçın ilk dəqiqələrindən görünürdü. Çox aqressiv, dinamik oynadılar, müdafiədə oturmadılar, üzərimizə gəldilər və bizim üçün asan olmadı. İkinci hissədə temp düşdü, “Zirə” qarşılaşmanın sonlarında üstünlüyü ələ aldı. Riskə də gedib hücumçuların sayını artırdı. Bu sürəti qorumamaqda yorğunluq da səbəb ola bilər”.

 

Baş məşqçi 2023-cü ili də dəyərləndirib: “Çox uğurlu il adlandıra bilərəm. Bizim məqsədimiz, işimiz çempionatda uğurlu çıxış etməkdir ki, çempion olduq. Avrokuboklarda Çempionlar Liqasının qrupuna düşməsək də, çox yaxşı mövsüm keçirdik. Çətinliklərimiz olsa da, komanda ayaq üstə dura bildi. Bu, çox vacib idi. Bizdən gözləntilər həddən çox idi. Digər komandalarımız məğlub oldu, tək biz qaldıq və məsuliyyətimiz həddən atıq artmışdı. Futbolçularım bunu bacardılar. Kubokda da yolumuza davam edirik. Avropa Liqasının pley-offuna çıxmaq da yeni uğur oldu. Ümumilikdə yaxşı oyunlarımız keçirildi. Sonda da Xankəndidə oyun keçirmək ilə damğanı vurdu. Bu ili addım-addım əziyyətlə keçdik və tarixi hadisənin şahidi olduq”.

 

Qurbanov qış transfer məsələlərinə də toxunub:“Danışıqlar apardığımız futbolçular var. Nə dərəcədə alınacağını bilmirəm. Bizim də bir neçə oyunçumuzla maraqlanan klublar var. Təklif deməzdim. Amma maraqlanan xarici klublar var. Bu da normaldır. İş prinsiplərimizin bir hissəsidir”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest