“Bilirəm ki, “Neftçi” Azərbaycanın ən yaxşı və böyük tarixə malik olan klubdu”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin yeni baş məşqçisi Miodraq Bojoviç jurnalistlərə açıqlamasında deyib.

Monteneqrolu mütəxəssis hədəfin cari mövsümü ikinci pillədə bitirmək olduğunu deyib: “Futbolda işləmək asan deyil. “Neftçi”də hansı hədəflərin olduğunu bilirəm. Qarşıya qoyulan məqsəd çempionatı minimum ikinci bitirmək və kuboku qazanmaqdı. Buna nail olmaq üçün yaxşı futbol oynamaq lazımdır. Ümid edirəm ki, azarkeşləri yenidən tribunalara qaytaracağıq. “Neftçi”nin necə tarixi klub olduğunu yaxşı bilirəm, dərk edirəm. Düşünürəm ki, yaxşı futbol oynasaq, azarkeşlər tribunanı dolduracaq”.

O, vaxtilə Rusiyada çıxış etmiş “Neftçi”nin oyunçuları Rezuan Mirzov, Emin Mahmudov və Azər Əliyevi yaxşı tanıdığını vurğulayıb: “Rusiyada işlədiyim üçün bu üç futbolçunu yaxşı tanıyıram. Hər üçü keyfiyyətli oyunçulardır, nəyə qadir oldulqarını bilirəm. Hər gün özünü sübut etməlisən. Düşünürəm ki, bunun öhdəsindən gələ biləcəyik”.

Baş məşqçi qış fasiləsində heyətin güclənəcəyini istisna etməyib: “Komandaya hələ yeni gəlmişəm. Təbii ki, hər “transfer pəncərəsi”ndə komanda güclənməlidir. Yəqin ki, danışıqlar olacaq. Amma bunu rəhbərliklə və idman direktoru ilə danışacağıq. Bu haqda hələ heç nə deyə bilməyəcəyəm”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest