“Qəbələ” klubunun albaniyalı sabiq yarımmüdafiəçisi Sabien Lilayın matc.az saytına müsahibəsi
- Futbolçu karyeranızı bitirdikdən sonra akademiyada məşqçilik etməyə qərar verdiniz. İşləriniz necə gedir?
- Hər şey qaydasındı. Hazırda “Dinamo Siti” akademiyasında 16 yaşlıların məşqçisiyəm. Komandamız çempionatda 1-ci yerdədi. Bu işi görmək çox xoşuma gəlir.
- Keçmiş komandanız “Qəbələ”nin cari mövsümdəki nəticələri ürəkaçan deyil. “Qırmızı-qaralar” çempionatda qış fasiləsinə sonuncu pillədə yollandılar. Yəqin ki, bu cür çıxışı siz də gözləmirdiniz…
- Açığı, bu mövsüm “Qəbələ”nin heç bir oyununa baxa bilməmişəm. Buna görə də, komandadakı vəziyyətdən xəbərdar deyiləm. Ancaq cari mövsümdəki uğursuz nəticələri, fasiləyə 10-cu pillədə yollanması məni də məyus etdi.
- “Qarabağ”ın Avropa Liqasında pley-offa adlaması haqda nə deyə bilərsiniz? “Braqa” ilə görüşdə komandamızın şanslarını necə dəyərləndirirsiniz?
- “Qarabağ” yaxşı komandadı və bunu uzun illərdi ki, sübut edir. Onların avrokuboklarda uğurlu çıxış etməsi mənim üçün sürpriz deyil. “Qarabağ” əsl avrokubok komandasıdı. Buna görə də, Avropa oyunlarında getdikləri ölkədən asılı olmayaraq, özlərini evdəki kimi hiss edirlər, səfər matçlarında da yaxşı oyun göstərirlər. Odu ki, “Qarabağ”ın Avropa Liqasında pley-offa adlaması mənim üçün qanunauyğundu. “Braqa” ilə matçlarda komandanıza uğurlar arzulayıram. İnanıram ki, bu mərhələdən də üzüağ çıxacaqlar.
- Albaniya yığması ilə Avropa çempionatının final mərhələsini görmüş Canni de Byazi Azərbaycan millisində heç nə edə bilmədi. Onun ölkəmizdə uğur qazanmamasının səbəbini nədə görürsünüz?
- De Byazi yaxşı məşqçidi. Düzdü, Albaniyada etdiyini Azərbaycanda təkrarlaya bilmədi. Ancaq bunu normal qəbul etmək lazımdı. Çünki fərqli komandalar, fərqli oyunçular, fərqli mühitdi. De Byazinin nəyə görə Azərbaycanda uğurlu ola bilməməsinin konkret səbəbini tapmaq çətindi. Düşünürəm ki, Azərbaycanda futbolçu problemi var. “Qarabağ”ın heyətinə nəzər salsaq, görərik ki, güclü oyunçuları var, amma onların sırasında azərbaycanlıların sayı azdı. Yaxşı yerli oyunçu azdısa, güclü milli komanda qurmaq çətindi. Mən belə düşünürəm ki, yığmanın uğurlu çıxışı üçün akademiyalar qurulmalıdı. Əgər bunu etsələr, təxminən 10 ildən sonra beynəlxalq matçlarda Azərbaycan yığmasının yaxşı nəticələrini görə bilərik. Xarici oyunçular almaqla, onları milliləşdirməklə çox qabağa getmək olmaz.
- De Byazinin yerinə yığmamıza kimin gətiriləcəyi hələ bəlli deyil. Azərbaycanda əksəriyyət yerli mütəxəssisin təyin olunmasının tərəfdarıdı…
- Çoxlu azərbaycanlı məşqçi ilə işləmək imkanım olmayıb. Buna görə də onlar haqqında ətraflı məlumata sahib deyiləm. Yalnız “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun adını çəkə bilərəm. Yaxşı məşqçidi, bunu nəticələri də təsdiqləyir. Bəlkə də, onu milliyə gətirmək ən doğru seçim olar. Çünki uzun illərdi “Qarabağ”da yaxşı işlər görür. Niyə də Qurbanov millini çalışdırmasın?! Azərbaycanlı futbolçuları, onların mentalitetini hamıdan yaxşı bilir.
- Həmyerliniz Redon Cica “Qarabağ”da əsas heyətdəki yerini itirib. Juninyo ilə rəqabətdə uduzan Cica əsas heyətə qayıtmaq üçün nə etməlidi?
- Cicanın durumu ilə bağlı dəqiq məlumatım yoxdu. Bir onu deyə bilərəm ki, Redon yaxşı futbolçudu. Hələ gəncdi, ilk dəfədi ki, Albaniyadan kənarda çıxış edir. O, öz vaxtını gözləməlidi. Zamana ehtiyacı var. Bununla belə, özünə, futbolçu keyfiyyətlərinə inanmalıdı. Yenidən əsas heyətdə oynaması üçün fürsət yaranacaq. Əsas odu ki, həmin imkan ələ düşəndə tam hazır olsun və qollar vursun. “Qarabağ”da heyətə düşmək asan deyil. Cica məşqlərdə öz üzərində çalışmalı və vaxtını gözləməlidi.
- Azərbaycan Premyer Liqasında Redon Cicadan əlavə, daha bir albaniyalı futbolçu Belajdi Pusi də çıxış edir. “Turan Tovuz”da oynayan həmyerlinizi yaxından tanıyırsınız?
- Pusinin ancaq adını eşitmişəm. Onun haqqında çox məlumatım yoxdu.