“Kəpəz” klubunun belaruslu müdafiəçisi Yeqor Xvalkonun matc.az saytına müsahibəsi
- Premyer Liqanın XVIII turunda “Neftçi” ilə qarşılaşdınız. “Kəpəz” ilk dövrədəki matçda əzəli rəqibinə qalib gəlsə də, bu dəfə uduzan tərəf siz oldunuz. Məğlubiyyətin səbəbini nədə görürsünüz?
- Bəli, ilk dövrədəki görüşdə hər şey bizim üçün yaxşı alınmışdı. Həmin oyunda əlimizə düşən qol imkanını dəyərləndirə bilmişdik və “Neftçi”yə meydanda rahat davranmaq imkanı verməmişdik. Budəfəki matça gəlincə, düşünürəm ki, yaratdığımız qol vəziyyətlərinə görə məğlubiyyətə layiq deyildik. Amma “Neftçi” ciddi rəqibdi. Bizdən fərqli, onlar qol imkanlarını dəyərləndirə bildilər.
- 18 oyuna 14 xal toplayan “Kəpəz” qış fasiləsinə 9-cu pillədə yollandı. Komandanızın mövsümün birinci yarısındakı çıxışını necə dəyərləndirirsiniz? Daha çox xal toplamağınıza nə mane oldu?
- Mövsümün ilk yarısında bir çox oyunda uğursuz çıxış etdik, zəif təsir bağışladıq. Ancaq bu hələ heç nə demək deyil. Qış fasiləsindən sonra oyun keyfiyyətimizi artıracağıq və hər şey yaxşı olacaq.
- Cari mövsümdə öz çıxışınızdan tam razısınız?
- Öz oyunumu qiymətləndirməyim düz çıxmaz. Ancaq statistika onu deyir ki, ötən mövsümlə müqayisədə cari mövsümdə daha yaxşıyam.
- Yanvarın 21-dək çempionatda fasilə olacaq. Bu, “Kəpəz”ə müsbət təsir edəcək, yoxsa əksinə?
- Əminliklə deyə bilərəm ki, müsbət təsir edəcək. Çünki qış təlim-məşq toplanışında komandada 100 faiz yaxşıya doğru dəyişikliklər baş verəcək. Gücümüzü artıracağıq. Bu isə onu deməyə əsas verir ki, mövsümün ikinci yarısına daha hazır vəziyyətdə başlayacağıq.
- Mövsümün ikinci yarısında sizi əsasən “Qəbələ” ilə çətin rəqabət gözləyir. Çünki hər iki komanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır və hazırda xallarınızın sayı da eynidi. “Kəpəz” çempionatdakı yerini qoruya biləcək?
- Fikrimcə, “Kəpəz” üçün hər şey yaxşı olacaq. Bizə lazım olan nəticəni əldə edəcəyik. Mövsümün “Kəpəz” üçün yaxşı bitəcəyini düşünürəm.
- Mövsümün ilk yarısında ən çox üzüldüyünüz məğlubiyyət hansı oldu?
- Uduzduğumuz hər bir görüş məyusedicidi. Ancaq 2 oyunu xüsusilə qeyd edə bilərəm. “Turan Tovuz”a 0:4 və “Qarabağ”a 1:7 hesablı məğlubiyyətlər komandamıza ciddi zərbə oldu.
- Bir müdafiəçi olaraq, Azərbaycan çempionatında hansı hücumçuya qarşı oynayanda daha çox çətinlik çəkirsiniz?
- Hər birinə qarşı oynamaq çətindi. Ancaq bir nəfəri digərlərindən fərqləndirmək istəyirəm. “Qarabağ”da çıxış edən Juninyonu nəzərdə tuturam. Çox güclü forvarddı. Sürətli, texnikalıdı. Ona qarşı oynamaq çətin, eyni zamanda maraqlıdı.