“Arsenal”ın baş məşqçisi Mikel Arteta 16 yaşlı futbolçusu Maks Daumanın qırmızı vərəqə alması və ardınca üç oyunluq cəzalanması ilə bağlı açıqlama verib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis gənc futbolçunun emosiyalarına nəzarət etməli olduğunu bildirib.

Dauman İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Flitvud Taun”la qarşılaşmanın 85-ci dəqiqəsində rəqib futbolçu Harrison Nilə qarşı hərəkətinə görə birbaşa qırmızı vərəqə alıb. Görüş 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə aşağı liqa təmsilçisi 5:3 hesabı ilə qalib gəlib.

“Arsenal” futbolçunun cəzasının ləğvi üçün apellyasiya şikayəti versə də, İngiltərə Futbol Assosiasiyasının müstəqil komissiyası müraciəti rədd edib. Nəticədə 16 yaşlı oyunçu üç matçlıq diskvalifikasiyaya məruz qalıb.

Arteta Daumanın yaşına baxmayaraq, yüksək səviyyəli futbolda məsuliyyət daşımalı olduğunu vurğulayıb:

“Bura Disneylend deyil, biz Premyer Liqadayıq. Ona çox diqqət göstəririk, lakin digər futbolçular kimi ondan da tələbkar olacağıq. O, meydana çıxmaq hüququnu qazanmalıdır”.

Qeyd edək ki, Dauman “Liverpul”, “Hall Siti” və “Nyukasl”la oyunları buraxacaq. Arteta futbolçu ilə danışdığını və aralarında heç bir problemin olmadığını da bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest