Futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədovun matc.az saytına müsahibəsi

- Əvvəlki illərlə müqayisədə bu dəfə Antalyaya az sayda komandamız getdi. Hazırda orada olan və klublarımızın toplanışını izləyən biri olaraq, bu barədə nə deyə bilərsiniz? Ölkə xaricinə toplanışa getməyən komandalar mövsümün ikinci hissəsində bunun əziyyətini çəkə bilərlər?

- Bu il qış fasiləsinin müddəti az olduğu üçün bir neçə klub hazırlıq dövrünü Azərbaycanda keçirməyə qərar verdi. 5 komanda ölkədə qaldı, 5-i isə Antalyaya gəldi. Demək olmaz ki, kimlərsə təlim-məşq toplanışını Antalyada keçirirsə, onlar üstün olacaqlar. Bu, şərt deyil. Sadəcə, sparrinq rəqiblərin seçimi və şərait, meydançalar baxımından toplanışı Antalyada keçirmək rahatdı. Amma hazırda Antalyada olan biri kimi deyim ki, əvvəlki illərlə müqayisədə hava şəraiti kəskin dəyişib, güclü yağışlar yağır. Bu səbəbdən bəzən oyunlar təxirə salınır. Antalyanın üstünlüyü odu ki, burada müxtəlif ölkələrin komandaları ilə oyunlar keçirə bilərsən. Azərbaycanda qalanda isə yalnız öz klublarımızla yoxlama görüşü keçirmək imkanın var. Çempionatda qarşılaşdığın komandalarla yoxlama matçlarında da üz-üzə gəlmək isə yorucu ola bilər.

- Çempionatın ilk yarısının mənzərəsinə əsasən, "Qarabağ"ın bu mövsüm də rahat çempion olacağını deyə bilərik?

- “Qarabağ” ən yaxın izləyicisindən böyük xal fərqi ilə öndədi. Yüz faiz olmasa da, 90 faiz demək mümkündü ki, “Qarabağ” bu il də çempion olacaq. Gərək ardıcıl 3-4 oyunda uduzalar ki, hansısa rəqib bütün görüşlərdə qələbə qazanaraq onlara çata. Bu isə inandırıcı deyil. Düşünürəm ki, “Qarabağ” bu il də çempionluğu əldən verməyəcək.

- Vaxtilə çalışdırdığınız "Neftçi"də baş məşqçi dəyişikliyi oldu. Adrian Mutunun belə tez istefaya göndəriləcəyini gözləyirdiniz? Sizcə, yeni gələn Miodraq Bojoviç "Neftçi" üçün faydalı ola biləcək?

- “Neftçi” elə bir komandadı ki, gələn baş məşqçidən tez bir zamanda uğur gözlənilir. Və yaxud komandanı o uğura apara biləcək cizgilər görünməlidi. Mutu uğura aparan yolu tapa bilmədi. Bu baxımdan gözlənilirdi ki, gec-tez onunla yollar ayrılacaq. Amma indi yox, çempionatın sonunda göndəriləcəyini proqnozlaşdırırdım. Bojoviçə gəlincə, qarşısına konkret məqsəd qoyulub. Ya ikinci yeri tutmalı, ya da ölkə kubokunun qalibi olmalıdır. Bu, məşqçini təzyiq altında saxlayacaq. Bojoviç haqda indidən nəsə demək düz deyil. Gələcəkdə işinə baxdıqdan, “Neftçi”nin oyunlarını izlədikdən sonra bayaq dediyim cizgilərin görünüb-görünmədiyini bildirmək olar. Ən azından, “Neftçi”nin qarşıya qoyulan məqsədə çatmaq şansı var.

- Kaşuk və Mikelsin gedişindən sonra özünə gələ bilməyən və mövsümün ilk yarısını uğursuz keçirən "Sabah"dan mövsümün qalan hissəsində nə gözləmək olar? Nəzərə alaq ki, komandanın daha bir aparıcı futbolçusu Aleksey İsayevlə də yollar ayrıldı...

- Düz qeyd etdiniz, Kaşuk və Mikelsin gedişi “Sabah”a təsir etdi. Cari mövsümdə komandada eniş hiss olunur. Amma çıxılmaz vəziyyətdə deyillər. Aradakı xal fərqi çox olmadığına görə, digər komandalar kimi, “Sabah” da ikinci yer uğrunda mübarizə apara bilər. Qış fasiləsi onların xeyrinə işləsə, məşqçilər korpusu bu fasilədən düzgün yararlanıb komandanı yaxşı hazırlasa, “Sabah” dönüş edə bilər. Təbii ki, Aleksey İsayevin gedişi də itkidi. Amma əvəzolunmaz futbolçu yoxdu. Məşqçilər korpusu hansısa alternativ variantdan istifadə edəcək.

- Hansı komandaların mövsümün sonunda avrokuboklara vəsiqə qazanacağı sizə daha inandırıcı gəlir? Bir də Premyer Liqanı tərk etməyə ən real namizəd kimi hesab edirsiniz?

- “Zirə”, “Neftçi”, “Səbail”, “Araz-Naxçıvan”, “Sumqayıt” və “Sabah”ın avrokuboklara vəsiqə qazanmaq şansı var. Buraya “Turan Tovuz”u da qatmaq olar. Düzdü, “Turan Tovuz” cari mövsümdə qeyri-stabil çıxış edir, amma son oyunlardakı qələbələr onları da avrokubok zonasına yaxınlaşdırdı. Çempionatı tərk etməyə ən real namizədlər isə hazırkı məqamda “Qəbələ” ilə “Kəpəz”di. Amma xal fərqi elədi ki, hər bir komanda 2-3 tur qələbə qazanmaqla turnir cədvəlində irəliləyə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest