Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiçin matc.az saytına müsahibəsi

- Hazırda Antalyada təlim-məşq toplanışında olan keçmiş komandanızın - “Neftçi”nin düşərgəsinə baş çəkməyiniz nə ilə bağlı idi?

- İnanın mənə, sadəcə, komandaya dəstək olmaq və dostlarımı görmək üçün baş çəkdim. Hər hansı bir maraqdan söhbət gedə bilməz.

- Bəlkə səfərinizin məqsədi “Neftçi”yə futbolçu təklif etmək idi?

- Xeyr. Belə bir fikrim yoxdu. Ancaq mənəvi dəstək olmaq üçün “Neftçi”nin düşərgəsinə baş çəkdim.

- “Neftçi”nin yeni baş məşqçisi Miodraq Bojoviçlə tanışlığınız varmı? Sizcə, o, Bakı klubuna əvvəlki əzəmətini qaytara biləcək?

- Bojoviçi “Neftçi”yə gəlməmişdən öncə də tanıyırdım, amma yaxın tanışlığımız yoxdu. Onun rəhbərliyi altında oynamamışam, birgə işləməmişik. Lakin təcrübəli məşqçi olduğunu bilirəm. Bojoviç “Neftçi”ni hazırkı vəziyyətdən çıxarmalıdır. “Neftçi”nin əvvəlki günlərinə qayıtmasını istəyirəm. Çünki Azərbaycan futbolunun “flaqman”ı sayılır.

- “Neftçi”nin yayda böyük ümidlərlə gətirdiyi Adrian Mutu ortaya heç bir iş qoya bilmədi. Bunun səbəbini nədə görürsünüz?

- Mutunun “Neftçi”də uğur qazana bilməməsini məşqçi təcrübəsizliyi ilə əlaqələndirirəm. O, “Neftçi” kimi komandanı çalışdıra biləcək təcrübəyə malik deyildi. Bəlkə də, səhv düşünürəm, amma bu, şəxsi fikrimdi. Bəli, Mutu yaxın keçmişin tanınmış futbolçusu olub, bütün dünyada tanınır. Amma bu, faktdı ki, məşqçi kimi özünü doğrulda bilmir. “Neftçi”də də uğur qazanmağı bacarmadı. Fikrimcə, Mutu bundan sonra da işlədiyi yerlərdə məşqçi kimi uğur əldə edə bilməyəcək. Haqlı olub-olmadığımı zaman göstərəcək.

- “Neftçi”nin hazırkı heyəti haqda hansı fikirdəsiniz? Bu heyətin uğur qazanmaq üçün yetərli olduğu qənaətindəsiniz?

- “Neftçi”nin heyətinə fikir vermişəm. Yaxşı yerli oyunçuları var. Mənə elə gəlir ki, komanda legionerlər baxımından bir qədər axsayır. Daha bir neçə xarici futbolçu gətirilsə, “Neftçi” güclənər. Yeni gələn baş məşqçinin komandanı bu vəziyyətdən çıxaracağına inanıram. “Neftçi” oyanmalı, özünə gəlməlidi. Hamı “Neftçi”ni tanıyır, Azərbaycan futbolunun “flaqman”ı sayıldığını bilir. Ən tez zamanda komanda ilə bağlı vəziyyətin müsbətə doğru dəyişəcəyinə inanıram.

- “Neftçi” illərdi Azərbaycan futbolunda dominantlıq edən “Qarabağ”la nə vaxt çempionluq mübarizəsi apara biləcək?

- Hazırkı “Qarabağ”la çempionluq mübarizəsi aparmaq çətindi. Son təyinatdan sonra “Neftçi”nin güclənəcəyinə, adına layiq nəticələr qazanağına ümid edirəm.

- Vaxtilə “Neftçi” kimi, “Qarabağ”ın da formasını geyinmisiz. Ağdam klubunun Avropa Liqasında “Braqa” ilə görüşlərdə şansını necə dəyərləndirirsiz?

- “Qarabağ”ın bu mərhələdən də üzüağ çıxacağı qənaətindəyəm. Bu komandanın zəngin avrokubok təcrübəsi var. “Qarabağ” illərdi Avropa arenasında Azərbaycanı layiqincə təmsil edir. Odu ki, “Braqa” önündə də Qurban Qurbanovun komandasının şansı var. Razıyam, portuqaliyalılar sıradan rəqib deyillər. Bu mənada, hər iki oyunun “Qarabağ” üçün çətin keçəcəyini düşünürəm. Amma sabiq komandamın mərhələ adlamaq şansı heç də az deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest