02 Noyabr 2026, 12:35
FUTBOL
İndi isə komandamızı çətin Norveç səfəri gözləyir. Hər halda, biz doğma meydanda “Bayern”lə 3:3 hesablı nəticəyə razılaşan “Vikinq”lə oyuna çox ehtiyatla yanaşmalıyıq.
Çempionlar Liqasının liqa mərhələsində keçirdiyi 3 oyuna 3 xal yığan “Sabah”ın işləri elə də pis getmir. Doğrudur, təmsilçimiz bu 3 oyunun 2-də məğlub olub, həmin matçlarda komandamız oyun planında xoş təsir bağışlayıb. Bircə “Mançester Yunayted”lə “Old Trafford”dakı matçda 0:4 hesablı nəticə ürəyimizcə olmadı. Amma Bakıda “Slaviya” üzərində qələbə, Dortmund “Borussiya”sına məğlubiyyətə baxmayaraq, mübarizlik nümayiş etdirmə nəyə desəniz dəyər.
İndi isə komandamızı çətin Norveç səfəri gözləyir. Hər halda, biz doğma meydanda “Bayern”lə 3:3 hesablı nəticəyə razılaşan “Vikinq”lə oyuna çox ehtiyatla yanaşmalıyıq.
Norveç futbolunun köklü və ənənəli klublarından biri olan “Vikinq” tarixində yeni səhifə açaraq yenidən Avropanın ən nüfuzlu klub turnirində mübarizə aparmaq hüququ qazanıb. 1899-cu ildə ölkənin Stavanger şəhərində yaradılan komanda Norveç futbolunun ən uğurlu kollektivlərindən biri hesab olunur. 9 dəfə ölkə çempionu olan “Vikinq”, 6 dəfə də Norveç kubokunu qazanıb. Klubun tarixində ən böyük uğurlardan biri ötən ildə əldə edilib. Həmin vaxt Stavanger təmsilçisi çempionatın son turunda “Valerenqa”nı 5:1 hesabı ilə məğlub edərək 34 illik fasilədən sonra ölkə çempionluğunu bayram edib. Bu qələbə komandaya “Bodo Qlimt”i cəmi bir xal qabaqlayaraq zirvədə qərarlaşmaq imkanı verib.
“Vikinq”in uğurları yalnız ölkə çempionatı ilə məhdudlaşmır. Komanda Avropa arenasında da bir sıra yaddaqalan nəticələrə imza atıb. Stavanger təmsilçisinin ən diqqətçəkən nailiyyətlərindən biri 2002/2003-cü illər mövsümündə UEFA Kubokunda İngiltərənin “Çelsi” klubunu mübarizədən kənarlaşdırmasıdır. Bundan başqa, 1999/2000-ci illər mövsümündə Portuqaliyanın “Sportinq” komandası da Norveç klubunun qurbanına çevrilib.
“Vikinq” 2005/2006-cı illər mövsümündə UEFA kubokunun qrup mərhələsində də iştirak edib. Bu nəticələr göstərir ki, Stavanger təmsilçisi Avropa futbolunda təcrübəsiz rəqib deyil və güclü komandalarla mübarizə aparmaq ənənəsinə malikdir.
Klubun tarixində xüsusilə 1970-ci illər qızıl dövr hesab olunur. “Vikinq” 1972-1975-ci illərdə ardıcıl dörd dəfə Norveç çempionu olub, 1979-cu ildə isə həm çempionluğu, həm də ölkə kubokunu qazanaraq mövsümü dublla başa vurub. Daha sonra 1982 və 1991-ci illərdə də çempionluq sevinci yaşayan komanda müəyyən eniş dövrləri ilə üzləşib. Hətta 2017-ci ildə ölkənin yüksək liqasını tərk etmək məcburiyyətində qalıb. Lakin cəmi bir mövsüm sonra yenidən elitaya qayıdan Stavanger klubu 2019-cu ildə Norveç kubokunu qazanmaqla iddialarını ortaya qoyub. Sonrakı illərdə də inkişafını davam etdirən kollektiv 2021-ci ildə çempionatı üçüncü pillədə başa vurub.
“Vikinq”in Avropa futbolunda tanınmasında klubun öz meydanındakı atmosferin də xüsusi yeri var. Komanda 2004-cü ildən etibarən ev oyunlarını “Vikinq Stadion”da keçirir. Bu arena Stavanger təmsilçisinin yeni mərhələyə qədəm qoyduğu dövrlə üst-üstə düşür. Klubun azarkeşləri ilə bağlı diqqətçəkən məqam isə 1959-cu ildə qeydə alınan tamaşaçı rekordudur. Həmin vaxt Norveç kubokunun yarımfinalında “Odd” üzərində 4:0 hesablı qələbəni stadiondan 18 892 nəfər izləyib. Nəzərə alaq ki, həmin illər Norveçdə futbola maraq elə də yüksək deyildi.
Bütün bunlar “Vikinq”in “Sabah” üçün asan rəqib olmayacağını göstərir. Norveç təmsilçisi zəngin tarixə, ölkə çempionluğu təcrübəsinə və Avropa turnirlərində böyük klublara qarşı mübarizə aparmaq ənənəsinə malikdir. Üstəlik, 2025-ci ildə əldə etdiyi çempionluq komandanın yenidən yüksək səviyyəyə qayıtdığını təsdiqləyir (futbolinfo.az).
Bununla belə, “Sabah” üçün qarşılaşma rəqibin tarixi nüfuzundan çəkinmək deyil, meydanda öz oyununu göstərmək baxımından mühüm sınaq olacaq. “Bayquşlar” Norveç səfərində həm rəqibin təcrübəsini, həm də doğma meydan amilini nəzərə almalı, Avropa arenasında öz iddiasını ortaya qoymalıdır. “Qarabağ” 2 il əvvəl səfərdə “Bodo Qlimt”i məğlub etmişdisə, niyə də “Sabah” bunu bacarmasın?!
Azərbaycan – Norveç rəqabəti:
16.07.2009. 2009/10. Avropa Liqası, Təsnifat mərhələsi. Rusenborq – Qarabağ 0:0
23.07.2009. 2009/10. Avropa Liqası, Təsnifat mərhələsi. Qarabağ – Rusenborq 1:0
18.07.2013. 2013/14. Avropa Liqası, Təsnifat mərhələsi. Tromsö – İnter 2:0
25.07.2013. 2013/14. Avropa Liqası, Təsnifat mərhələsi. İnter – Tromsö 1:0
16.09.2020. 2020/21. Çempionlar Liqası, Təsnifat mərhələsi. Qarabağ – Mölde 0:0 pen. – 5:6
21.09.2023. 2023/24. Avropa Liqası, Qrup mərhələsi. Qarabağ – Mölde 1:0
30.11.2023. 2023/24. Avropa Liqası, Qrup mərhələsi. Mölde – Qarabağ 2:2
07.11.2024. 2024/25. Avropa Liqası, Qrup mərhələsi. Bodo Qlimt – Qarabağ 1:2












